"Bursaspor"dan yenə Prosineçki iddiaları

Millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor"un növbəti məğlubiyyəti baş məşqçi istefası ilə nəticələnib. Sportline.az xəbər verir ki, Super Liqanın 29-cu turunda doğma meydanda "Qalatasaray"a 0:5 hesabı ilə uduzan komandanın çalışdırıcısı Mutlu Topçu oyunsonrası mətbuat konfransında istefa verdiyini açıqlayıb. Qalan 5 turda baş məşqçi səlahiyyətləri aşağı yaş qruplarında çalışan Adnan Örnekə həvalə olunub. Bu istefa xəbərindən sonra Türkiyə mətbuatı yenidən millimizin baş məşqçisi Robert Prosineçkinin adını hallandırmağa başlayıb. "Bursaspor" rəhbərliyinin bu həftə onunla görüşəcəyi bildirilir. Xatırladaq ki, bursalılar bir müddət əvvəl də Prosineçkinin xidmətində maraqlı idilər. İşləri qaydasında getməyən "Bursaspor" hazırda 35 xalla yarış cədvəlinin 13-cü pilləsindədir.