Faiq Babanlı idmandan niyə uzaqlaşıb?
Azərbaycanın tanınmış idmançılarından olan, sərbəst güləşçi, qaydasız döyüşlərdəki uğurlu çıxışı ilə seçilən Faiq Babanlı hazırda idman sahəsindən kənarda fəaliyyət göstərir. O. idmandan uzaqlaşmasının səbəbləri və hazırda hansı işlə məşğul olduğu haqda SportLine.az-a danışıb.
Hazırda nə işlə məşğulsunuz?
Peşəkar idmandan uzaqlaşmışam. Hazırda daha çox istirahətə, maraqlı həyata vaxt ayırıram. Afrika, Amazon meşələri, Boliviya çölləri, Rusiya tayqalarında vəhşi heyvanları ovlamaqdan zövq alıram.
İdman sahəsindən tamamilə uzaqlaşmısınız?
Xeyr. Tamamilə uzaqlaşmamışam. Həmişə idmandayam və yəqin ki, bu, belə də davam edəcək. Sadəcə, peşəkar fəaliyyətimdən uzaqlaşmışam.
Peşəkar idman fəaliyyətinizi başa vurmağınıza səbəb nə oldu?
Düşünürəm, insan karyerasını müəyyən yaşa qədər davam etdirməlidir. Özümü gənclik dövründəkindən fərqli hiss edirəm. Yaşa dolduqca həyata baxış dəyişir. Bunlara görə mən də karyeramı bitirmək qərarına gəldim.
Azərbaycan idmanı, qaydasız döyüş üzrə sahə kənardan necə təsir bağışlayır?
Düzünü desəm, tam məlumatlı deyiləm. Amma qaydasız döyüşün inkişaf etdiyindən, perspektivli idmançıların olduğundan xəbərim var.
Təcrübəli idmançı kimi hansı idmançılarımızın döyüşünü bəyənirsiniz?
Tanıdığım bir neçə döyüşçü var ki, diqqətimi çəkir. Daha çox bəyəndiyim isə Heydər Məmmədəliyevdir.