Faiq Qarayev: "Vaxtilə Azərbaycan çempionatı ilk 3-lükdə idi"

Bu gün Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev jurnalistlərlə görüş keçirib. 

Sportline.az xəbər verir ki, qurum rəsmisi səhhətindəki problemlər üzündən görüşün gec alındığını və hazırda özünü yaxşı hiss etdiyini bildirib.

O, əvvəlcə Azərbaycan çempionatı barədə danışıb. Ötən il çox aşağı səviyyəli çempionatın keçirildiyini və bunu klubların maddi vəziyyəti ilə əlaqələndirib: "Vaxtilə Azərbaycan çempionatı ilk "3-lük"də idi. Yarışa əvvəlcə limitsiz, sonra isə limitlə legioner oynadırdıq. Oyunların səviyyəsi, klubların büdcəsi var idi. Çempionat böyük rəqabət şəraitində keçirilirdi. 3 klubumuz Çempionlar Liqasında çıxış edirdi. Amma indi elə büdcə yoxdur. Federasiya xərclərinin 90 faizi hazırkı prezident Cavid Qurbanovun üzərinə düşür".

Qarayev hazırda kişilərdən ibarət "Sərhədçi", OİK, "Neftçi", "Lokomotiv", "Xilasedici", "Azərreyl" və Gürcüstan yığmasının iştirakı ilə Azərbaycan çempionatının keçiriəcəyini bildirib.

Qadınların mübarizəsinə isə "İqtisadçı", Lokomotiv", "Abşeron", Mübariz", "Azərreyl" və Gürcüstan yığması qatılacaq. Çempionata dekabrın 14-də start götürəcək. Oyunlar Hövsan Olimpiya Kompleksi, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, "Lokomotiv", AVF, FHN-in idman zalında baş tutacaq.

Çempionat 2 dövrəlik dairəvi sistemlə keçiriləcək. Final mərhələsi Bakı İdman Sarayında təşkil olunacaq.