"Fikirləşdilər ki, artıq qələbə qazanmışıq" - Ağatahir Əzimov
“Uşaqlar ilk dəqiqədən sona qədər həyəcanlı idilər. Doğma məkanda oynadıq, amma öz futzalçılarımız toparlana bilmədilər”. SportLine.az saytının məlumatına görə, bu sözləri futzal üzrə U-19 millimizin baş məşqçisi Ağatahir Əzimov deyib.
Yoldaşlıq görüşündə türkiyəli həmyaşıdları ilə üz-üzə gələn komandamız matçdan 3:5 hesablı məğlubiyyətlə ayrılıb.
Oyundan sonra federasiyanın rəsmi saytına açıqlama verən Əzimov fikirlərini bölüşüb: “Məşqdə göstərdikləri performansı oyunda görə bilmədik. Öyrətdiyim şeyləri yerinə yetirə bilmədilər, yaddan çıxartmışdılar. Bunun hamısı həyəcanla bağlıdır. Düzdü, birinci hissədə nisbətən yaxşı oynadıq. Rəqibin də imkanları az deyildi. Fasiləyə üstün yollanmağımız sanki oyunçularımızı arxayınlaşdırdı. Fikirləşdilər ki, artıq qələbə qazanmışıq. Kənardan deyirsən, müdaxilə edirsən, eşitmirlər. Qolların hamısını standart vəziyyətdən vurduq. İkinci oyunda səhvlərimizi təkrarlamamalıyıq. Rəsmi oyunlarda bizim üçün çox çətin olacaq”.