Fikrət Hüseynov: "Azərbaycan futbolu çətin duruma düşüb"
“Dördüncü dəfədir Klublar Komitəsinin iclasında legioner rüsumu məsələsini müzakirə etdik. Keçən dəfə təklifimiz İcraiyyə Komitəsi tərəfindən qəbul olunmadı”. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, bu sözləri Klublar Komitəsinin sədri Fikrət Hüseynov deyib.
Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.
Toplantı ilə bağlı danışan Hüseynov müzakirə etdikləri məsələlərə toxunub. O bildirib ki, iclasda əsasən legioner rüsumu haqda danışılıb: “Sonuncu dəfə bu məsələnin üstündə durmaq şərtilə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi toplantıya dəvət etdik. Ondan xahiş elədik ki, İcraiyyə Komitəsinin iyunun 13-də keçiriləcək iclasında bu məsələ gündəmə gətirilsin, təklifimiz həyata keçsin. Biz demirik ki, rüsum tam yığışdırılsın. Amma klubların bugünkü vəziyyəti nəzərə alınmalıdı. Çempionatda 8 komanda qala bilər. Azərbaycan futbolu çətin duruma düşüb. 8 komandadan ibarət çempionat keçirən dördüncü ölkə ola bilərik. Bu vəziyyətdən çıxmaq lazımdı. Ramin müəllim dedi ki, hamısı yoluna qoyulacaq, məsələ İcraiyyə Komitəsinin iclasında müzakirə ediləcək. Yenə təklif etdiyimiz rəqəm 5000 manatdı. Bütün klubların xahişi, tövsiyəsi belədi. Hətta “Qarabağ” kimi klub maddi vəziyyəti zəifləyib. Onlarda legioner daha çoxdu. Buna görə də rüsumun azaldılması mütləq həyata keçirilməlidi. 3-5 il əvvəl bu məsələni heç vaxt qabartmamışıq. Fakt odu ki, bu gün klubların maddi vəziyyəti zəifləyib”.
Hüseynov növbəti mövsüm Premyer Liqada iştirak etməyəcək “Rəvan” və “Xəzər Lənkəran” nümayəndələrinin bugünkü iclasa qatılmalarının səbəbini də izah edib: “Rəvan” “Xəzər Lənkəran”ın nümayəndələri sonuncu dəfə iclasımızda iştirak etdilər. Etik cəhətdən onlar mütləq dəvət olunmalı idi. Bu klubların nümayəndələri ilə sağollaşdıq. Yeni mövsümdən onlar iclaslarımızda iştirak etməyəcəklər”.
Komitə sədri oyunlar zamanı azarkeşlərlə polislər arasında tez-tez baş vermiş xoşagəlməz hallarla bağlı da fikir bildirib: “İclasda müzakirə etdiyimiz məsələlərdən biri də məhz azarkeş-polis münasibəti oldu. Buna toxunduq, amma üstündə çox durmadıq. Hər klub məsələ ilə bağlı AFFA-ya rəsmi şəkildə müraciət edəcək və növbəti iclaslarda bu məsələyə daha geniş baxılacaq”.
Hüseynov sonda klubların PFL-ə borclarının qalmadığını da vurğulayıb: “Klublar PFL-ə əvvəldən olan borclarını yayımdan gələn pulun hesabına həll etdilər. “CBC Sport” telekanalı hər kluba 70 min manat pul verir. Əvvəlki borclar bunun hesabına ödənildi. Pulun köçürülmə məsələsini artıq PFL-lə kanal öz aralarında həll edəcəklər”.