"Futbolçuların əzmkar oyunu sayəsində qələbə qazandıq

Futbolçularımızın əzmkar oyunu sayəsində qələbə qazandıq.

Sportline.az xəbər verir ki, bunu Azərbaycanın U-17 millisinin baş məşqçisi İlham Yadullayev deyib.

Mütəxəssis Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf Kubokunda Qazaxıstan üzərində qazanılan qələbəni şərh edib:

"Rəqibi yaxşı oyuna görə təbrik edirəm. Futbolçularımıza isə əzmkarlıq göstərdiklərinə görə minnətdaram. Məhz əzmkarlıq sayəsində qələbə qazandıq. İlk yarıda məğlub durumda idik, buna görə fasilədən sonra qol vurmaq üçün irəli atıldıq. Fasilədə oyunçularıma qalib gəlməli olduğumuzu söylədim. Sağ olsunlar ki, tapşırıqlarımı dəqiq yerinə yetirdilər. Finalda oynayıb-oynamamağımız özümüzdən asılı deyil. Rusiya və İran arasında keçirilən görüşdə ikincilərə azarkeşlik edəcəyik. Lakin Rusiya yığması da güclü futbolçulardan təşkil olunub. Necə alınacağını oyun göstərəcək".

Qeyd edək ki, U-17 turnirdə keçirdiyi ilk matçda Rusiyaya 0:3 hesabı ilə uduzub, daha sonra İran yığmasına 1:0 hesabı ilə qalib gəlib. Komanda qrupda keçirdiyi son oyunda Qazaxıstanı 2:1 hesabı ilə üstələyib.