Gənc güləşçilər Aktaudan 3 qızıl, 1 gümüş və 1 bürünc medalla qayıdıb

4-7 may 2018-ci il tarixdə Qazaxıstanın Aktau şəhərində yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. 

SportLine.az xəbər verir ki, məşqçilər Turac Hüseynli və Zöhrab Abbasovun rəhbərliyi ilə turnirdə iştirak edən yığmamızın üzvləri 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. 

Bütün rəqiblərindən üstün olan Kamran Mirzəliyev (63 kq), Ülvi Qənizadə (72 kq) və Nəsir Həsənov (77 kq) turnirin qızıl medalına yiyələnib. Yalnız final görüşündə uduzan Zaur Nuriyev (60 kq) gümüş medalla kifayətlənib. Bürünc medalı isə yığmamıza Zülfüqar Əliyev (55 kq) qazandırıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Tural Əliyev təmsil edib. 

Azərbaycan Güləş Federasiyasının məlumatı