Güləşçimiz dünya çempionatının finalında
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatı sona yaxınlaşır.
Sportline.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışın altıncı günündə sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq-da mübarizəyə start verilib.
Tunar Həsənov (45 kq) bolqarıstanlı Radoslav Velikovu (4:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda gürcüstanlı Luka Dotiaşviliyə minimal fərqlə (4:5) məğlub olub.
Hüseyn Rzazadə (48 kq) ilk təsəlliverici görüşdə hindistanlı Amirali Faza (9:6) qalib gəlsə də, ikinci təsəlliverici qarşılaşmada amerikalı Kuper Coşua Deputiyə (1:12) məğlub olub.
İbrahim Həsənov (51 kq) debütdə gürcüstanlı Giorgi Narimanidzeyi (4:2) üstələyib. Güləşçimiz 1/4 finalda hindistanlı Qovind Qovində heç bir şans tanımayıb - 10:3. Həsənov yarımfinalda isə rusiyalı İslam Kuraxmayevə 10:6 hesabıyla qalib gəlib. İbrahim sabah finalda iranlı Benyamin Mayvanla qarşılaşacaq.
Elcan Həsənov (60 kq) startda polşalı Vitold Pavlikə, Tunar Quliyev (71 kq) isə qazaxıstanlı Adilet Rısbaya 2:3 hesabıyla məğlub olub. Elgün Kərimli (92 kq) isə hindistanlı Sakşam Fnuyla görüşdə sonuncu xal prinsipinə əsasən (5:5) xalçanı məyus tərk edib.