Gia Tsetsadze: "Sabahkı oyuna tam hazırıq"

“Komandamız oyuna tam hazırdı. Bütün futbolçular oynamaq iqtidarındadı”. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, bu sözlər “Samtredia”nın baş məşqçisi Gia Tsetsadzeyə məxsusdu.

Gürcüstan çempionu Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçı çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq.

Qarşılaşma öncəsi keçirilən mətbuat konfransında Tsetsadze jurnalistlərin suallarını cavablandırıb.

- Komandanızın hazırkı durumundan razısınızmı?

- Bəli, razıyam. Futbolçular sabahkı görüşə tam hazırdılar. Hər şey normaldı. Oyunçularım özlərini yaxşı hiss edirlər.

- Ötən il Avropa Liqasında “Qəbələ” ilə qarşılaşmısınız və 1:5 hesabı ilə məğlub olmusunuz. Həmin “Samtredia” ilə indiki komanda eynidimi?

- Xeyr. Həmin vaxt komandamız bir qədər zəif idi. İndi daha güclüyük.

- Sabah hansı nəticə sizi qane edəcək?

- Sabahkı oyundan sonra özünüz görəcəksiniz.

- “Qəbələ” ilə “Qarabağ”ı necə müqayisə edərdiniz?

- “Qarabağ” güclüdü. Hər il çempion olan komandadı.

- “Samtredia” niyə ev oyununu Tiflisdə keçirir?

- Mən özüm belə qərar qəbul etdim. “Dinamo Arena”da oynamağı mən istədim. Çünki Samtrediadakı stadion UEFA standartlarına uyğun deyil.

- “Qarabağ”da hansı futbolçuları fərqləndirərdiniz?

- “Qarabağ” komanda olaraq çox güclüdü. Kimisə fərqləndirmək çətindi. “Qarabağ” çox gözəl, kombinasiyalı futbol sərgiləyir.

- “Qarabağ”ın bütün yoxlama görüşlərində məğlub olması sizin üçün nəyisə dəyişir?

- Bunun mənim üçün heç bir əhəmiyyəti yoxdu.