Güləşçimiz Avropa çempionu oldu
İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə U-20 Avropa çempionatı başa çatıb.
Sportline.az xəbər verir ki, Azərbaycan sərbəst güləşçiləri yarışın son günündə 1 qızıl, 1 bürünc medal qazanıb.
74 kq çəki dərəcəsində yer alan Cəbrayıl Hacıyev yunanıstanlı Georgios Terzidisə (10:0) və Luka Finizioya (11:0) tam üstünlüklə qalib gəldikdən sonra 1/4 finalda rumıniyalı Kristian Birodan güclü olub - 6:2. Yarımfinalda türkiyəli Muhammed Özmuşu 7:0 hesabıyla məğlub edən Hacıyev finalda moldovalı Georgi Karanı tam üstünlüklə (11:0) yenib və ikinci dəfə Avropa çempionu olub. O, ötən il Almaniyanın Dortmund şəhərində də qitə birinciliyinin qızıl medalına sahib çıxmışdı.
61 kq çəkidəki Ramik Heybətov ilk görüşündə kosovolu Fatlum Brakaya heç bir şans tanımayıb - 13:0. O, 1/4 finalda almaniyalı Marsel Vaqini üstələyib - 4:2. Ancaq Heybətov yarımfinalda fransalı Xamzat Arsamerzoyevə sonuncu xal prinsipinə əsasən məğlub olub - 3:3. Nəticədə o, türkiyəli Abdullah Topraka minimal fərqlə (1:0) qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb.
Digər sərbəst güləşçilərə gəldikdə, Fərid Cabbarov (86 kq) 1/8 finalda almaniyalı Daniel Fişerə minimal fərqlə (2:1) qalib gəldikdən sonra gürcüstanlı Daviti Koquaşviliyə uduzub - 3:5. Ancaq rəqib finala yüksəldiyi üçün Cabbarov təsəlliverici görüşə çıxıb. Macarıstanlı Nandor Hayduku (10:0) çətinlik çəkmədən mübarizədən kənarlaşdıran azərbaycanlı pəhləvan bürünc medal uğrunda qarşılaşmada ukraynalı Nazar Doda uduzub - 3:5.
Abdulcəlil Şabanov (92 kq) ilk görüşdə ukraynalı Denis Sahaliuka (0:4), Aslan Abakarov (125 kq) isə bolqarıstanlı Georgi İvanova (4:7) məğlub olub.