İlqar Rəhimovla Yaponiyanın Şika şəhərinin meri arasında görüş olub

Yanvarın 6-da Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov ilə Yaponiyanın Şika şəhərinin meri Koizumi Masaru arasında görüş keçirilib.

MPK-dan "Report"a verilən məlumata görə, onlayn formatda təşkil olunan görüşdə İ.Rəhimov iştirakçılara komitə haqqında danışıb.

Qeyd edilib ki, 1996-cı ildə iki idmançı ilə başlanılan Azərbaycan Paralimpiya hərəkatına bu gün minlərlə idmançı qoşulub. İdmançılar bu günə qədər 6 paralimpiya oyununda iştirak edib, onlarla medal qazanıblar. 7 paralimpiya çempionundan ikisi 2 dəfə bu sevinci yaşayıb.

İ.Rəhimov komitə ilə Şika arasında 2020-ci ildə imzalanmış memorandum çərçivəsində azərbaycanlı paralimpiyaçıların Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılması ərəfəsində sözügedən şəhərdə hazırlıq keçmələri üçün yaradılmış yüksək şərait üçün təşəkkürünü bildirib. Komitə prezidenti onu da qeyd edib ki, hazırlıq mərhələsi Oyunlarda göstəriləcək nəticələrə müsbət təsir göstərəcək.

Şika şəhərinin meri K.Masaru ölkəsinin Paralimpiya dəyərlərinə önəm verdiyini bildirib, AMPK ilə əlaqələrin gələcəkdə möhkəmləndirilməsini vacib hesab edərək müxtəlif sahələrdə birgə iş qurulmasını dəstəklədiyini deyib. Eyni zamanda, mer Azərbaycan paralimpiyaçılarının Şikada olimpiadaya hazırlıq keçməsini hər iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərdiyini vurğulayıb.

Daha sonra tərəflər gələcək əməkdaşlıq ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov və Şika şəhərinin xarici əlaqələr üzrə rəhbəri də iştirak ediblər.