"İnanıram ki, çempionata tam hazır vəziyyətdə çıxacağıq" - Mirabdulla Abbasov
“Rəqibimiz güclü komanda idi. Çətin oyun oldu”. SportLine.az xəbər verir ki, bunu “Neftçi”nin hücumçusu Mirabdulla Abbasov deyib.
“Ağ-qaralar” Avstriya toplanışı çərçivəsində keçirdiyi ikinci yoxlama oyununda Birləşmiş Ərəb Əmirliklərinin “Əl Ain” klubu ilə heç-heçə edib – 1:1.
“Neftçi”nin yeganə qolunun müəllifi olan Abbasov klubun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb: “Qol vurduğuma görə şadam. Şans qazanıb, meydana hücumçu kimi çıxdım. “Şalke” ilə keçən matça cinah yarımmüdafiəçisi kimi çıxmışdım. Belə görüşlərdə nəticə çox da vacib deyil, əsas çempionat oyunlarıdı. Vaxtımıza az qalıb, çempionatdakı oyunlarımıza hazırlaşırıq. Hələ ilk rəqibimiz bilinmir. İnanıram ki, çempionata tam hazır vəziyyətdə çıxacağıq”.