"Sabah"ın prezidenti: "Hazırda bu məsələ üzərində işləyir və mümkün variantları nəzərdən keçiririk"
"Sabah"ın prezidenti Maqsud Adıgözəlov "Report"un suallarını cavablandırıb. Funksioner komandanın UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanmasından və bu turnirdəki rəqiblərdən bəhs edib.
- 2025/2026 mövsümünü "qızıl dubl"la başa vuran komandanın debüt mövsümündə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması çoxlarını təəccübləndirdi. Komandanın tarixi uğura imza atacağını gözləyirdiniz?
- Mövsümə başlayarkən komandanın potensialına inanırdıq. Amma Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanacağımızı əvvəlcədən əminliklə söyləmək çətin olardı. Bu turnirdə hər mərhələ, hər oyun çox ciddi sınaqdır. Əsas üstünlüyümüz komandanın öz gücünə inanması idi. Futbolçularımız və məşqçilər korpusu bütün mərhələlərdə sona qədər mübarizə apardılar. Həlledici anlarda xarakter göstərdik və nəticədə klub tarixinin ən böyük uğurlarından birinə imza atdıq. Bu nailiyyət bizi çox sevindirir, lakin eyni zamanda üzərimizə böyük məsuliyyət qoyur. İndi əsas vəzifəmiz bu səviyyəyə uyğunlaşmaq və burada olmağımızın təsadüf olmadığını sübut etməkdir.
- İsrail təmsilçisi "Hapoel"lə Bakıda dramatik məcrada keçən pley-off mərhələsinin cavab oyunu uzun müddət yaddaşlardan silinməyəcək. Həmin görüşün gedişində ümidsizliyə qapıldığınız anlar oldumu?
- Oyun çox dramatik keçdi və təbii ki, müəyyən anlarda gərginlik oldu. Amma ümidsizliyə qapıldığımı deyə bilmərəm. Komandanın əvvəlki mərhələlərdə də çətin vəziyyətlərdən çıxmağı bacardığını görmüşdük. Futbolçularımız son saniyəyə qədər mübarizə aparacaqlarını artıq dəfələrlə sübut etmişdilər. Hətta vəziyyət son dərəcə çətin görünəndə belə, meydanda olan futbolçuların inamını və mübarizə əzmini hiss edirdik. Son dəqiqədə vurulan qol və geridönüş həmin inamın nəticəsi idi. Düşünürəm ki, o qarşılaşmanı və yaşadığımız emosiyaları uzun illər unutmayacağıq.
- Artıq "Sabah"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibləri də bəllidir. Püşkatmanın nəticəsini necə qiymətləndirirsiniz?
- "Sabah" olaraq Liqa mərhələsinə vəsiqə qazanmaqla, azərbaycanlı azarkeşlərə "Barselona", Dortmund "Borussiya"sı, "Napoli" və digər böyük Avropa klublarını Bakıda izləmək imkanı yaratmağımız bizi çox sevindirir. Bundan başqa, "Old Trafford" və "Emirates" kimi məşhur stadionlarda oynamaq gənc klub üçün əvəzsiz təcrübə və irəliyə doğru böyük addımdır. Püşkün çox çətin olduğunu anlayırıq, amma məhz belə oyunlarda klubun, komandanın və futbolçuların real səviyyəsi müəyyənləşir.
"Sabah"ın Azərbaycana böyük Avropa futbolunun gəlməsinin səbəblərindən birinə çevrilməsi məni xüsusilə sevindirir. Bu, bizim üçün qürur mənbəyi olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. İstəyirik ki, ölkəmizə gələcək komandalar, xarici azarkeşlər və bütövlükdə Avropa futbol ictimaiyyəti Azərbaycanı ən yaxşı tərəfdən tanısınlar.
- Monakoda rəqib komandaların nümayəndələri ilə söhbətiniz oldumu? Əsasən nələri müzakirə etdiniz?
- Bəli, püşkatma zamanı bəzi rəqib klubların nümayəndələri ilə söhbətlərimiz oldu. İlk növbədə bizi bu tarixi uğur münasibətilə təbrik etdilər. "Sabah"ın gənc klub olmasına baxmayaraq, belə qısa müddətdə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi onlarda da böyük maraq doğururdu. Söhbətlər zamanı həmçinin qarşıdakı oyunlar, Bakı, stadion və ümumi təşkilati məsələlər barədə fikir mübadiləsi apardıq.
- Qarşıdakı səkkiz oyundan gözləntiləriniz nədir? Daha bir möcüzəyə ümid etmək olar?
- Açığı, mümkün xalları hesablamaqla məşğul olmamışıq. Püşkatmadan sonra emosiyalar o qədər güclü idi ki, daha çox bizi nələrin gözlədiyinin miqyasını dərk etməyə çalışırdıq. Xallar və növbəti mərhələyə vəsiqə məsələsinə gəlincə, mövqeyimiz çox sadədir: rəqiblərimizin səviyyəsini çox yaxşı anlayırıq, lakin sonadək mübarizə aparacağıq. Bunun bizə neçə xal qazandıracağını isə gələcək göstərəcək.
- Top-klublarla qarşılaşmaları nəzərə alsaq, komandanı daha da gücləndirməyi düşünürsünüzmü, yoxsa bu heyətlə yola davam edəcəksiniz?
- Bir transferi artıq açıqlamışıq. Komandanın bundan sonra gücləndirilməsinə gəlincə, daha əvvəl də bildirmişdim ki, sırf say artırmaq və ya Çempionlar Liqasında iştirak etdiyimiz üçün transfer etmək fikrində deyilik. Transfer bazarında, fikrimizcə, komandanı indidən real şəkildə gücləndirə biləcək futbolçu olsa, əlbəttə, bu imkanı nəzərdən keçirəcəyik. Lakin sadəcə daha bir transfer həyata keçirmək xətrinə futbolçu heyətə cəlb etməyəcəyik.
- Aktual məsələlərdən biri də stadionla bağlıdır. Rəqiblərin gücünü və səviyyəsini nəzərə alsaq, böyük ajiotaj yaşanacaq. Komanda ev oyunlarını daha az azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionunda, yoxsa Bakı Olimpiya Stadionunda keçirməyi düşünür?
- Hazırda bu məsələ üzərində işləyir və mümkün variantları nəzərdən keçiririk. Burada azarkeş marağı ilə yanaşı, təşkilati və texniki məsələlər də nəzərə alınmalıdır. Yekun qərar qəbul edildikdən və dəqiq məlumat müəyyənləşdikdən sonra klub bunu rəsmi şəkildə açıqlayacaq. Buna görə də indidən hadisələri qabaqlamaq istəməzdim.
- Komandanın tarixi uğura imza atmasında böyük rolu olan Valdas Dambrauskas barədə fikirləriniz necədir? Onunla uzun illər əməkdaşlıq etməyi düşünürsünüz?
- Valdas Dambrauskasın bu uğurun qazanılmasında çox böyük rolu var. O, komandaya yalnız taktiki baxımdan deyil, düşüncə və qalibiyyət mentaliteti baxımından da ciddi təsir göstərib. Futbolçular onun oyun prinsiplərinə inanır, meydanda nə etməli olduqlarını yaxşı anlayırlar. Komandanın ən çətin anlarda belə öz oyunundan və mübarizədən imtina etməməsi məşqçi işinin nəticəsidir. Biz onun fəaliyyətindən və komandada yaratdığı inkişafdan çox razıyıq. Təbii ki, futbolda gələcəklə bağlı qərarlar qarşılıqlı müzakirələr əsasında və uyğun zamanda qəbul olunur. Amma klub olaraq sabitliyə və uzunmüddətli əməkdaşlığa önəm veririk.