“Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq
Türkiyənin “Fənərbaxça” klubunda baş məşqçi vəzifəsini müvəqqəti icra edəcək mütəxəssis müəyyənləşib.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi komandanı Dirk Kuyta həvalə edib. Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Bildirilib ki, niderlandlı mütəxəssis yeni baş məşqçi təyin olunana qədər əsas komandanın hazırlığına və oyunlarına rəhbərlik edəcək.
“İsmail Kartalın istefasından sonra klubumuz yeni baş məşqçimiz müəyyənləşənədək Dirk Kuytı əsas futbol komandamızın müvəqqəti rəhbəri təyin edib”, – deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, “Fənərbaxça” Türkiyə Super Liqasının IX turunda “Qalatasaray”a 1:2 hesabı ilə məğlub olduqdan sonra İsmail Kartalla yollarını ayırıb.