"İnter"in bazası əlindən alınır
Bakının “İnter” klubu “İnter Arena”nı tərk edəcək.
SportLine.az Qol.az saytına istinadən xəbər verir ki, bir neçə gün əvvəl klubun “Aqrarkredit” Səhmdar Kredit Təşkilatına 33 milyon manat borcunun olması barədə məlumat yayılıb. Öncə futbolpress.az saytı yazıb ki, "Aqrarkredit" "İnter" rəhbərliyindən ya borcu dövlətə qaytarmağı, ya da klubun nəzdində olan bazanı – “İnter Arena”nı tərk etməyi tələb edib.
Qeyd edək ki, maddi çətinliklər içində olan “İnter” bazanı boşlatmaq tələbini yerinə yetirməli olub.
Klubun Müşahidə Şurasının sədri Zaur Axundov dünən “Mladost”la Avroliqa oyunundan sonra jurnalistlərə deyib ki, komanda “Dalğa Arena”ya köçməyə hazırlaşır: “Bu bir az çətin məsələdir. Açığı, bizim üçün sürpriz oldu. Bunu gözləmirdik. "Aqrokredit” bizimlə müqaviləni uzatmaq istəmədi. Mərdəkanda "Dalğa Arena” kimi gözəl stadion və təlim-məşq bazası var. Bu yaxınlarda yeni bazamıza – “Dalğa Arena”ya köçəcəyik”.
Qeyd edək ki, problemin yoluna qoyulması üçün AFFA rəhbərliyinin səylərinin də bir nəticə vermədiyi bildirilib. Elə bu səbəbdən çıxılmaz vəziyyətdə olan “İnter” AFFA-nın tabeçiliyində olan “Dalğa Arena”ya köçmək məcburiyyətində qalıb.