İsrail klubunun baş məşqçisi "Qarabağ"a məğlubiyyəti şərh edib

"Bizdən daha güclü komandaya uduzduq. Bir neçə qol şansı yaxalasaq da, son zərbələrdə dəqiqlik çatmırdı. Əlimizdən gələni etsək də, heç nə alınmadı və məğlub olduq".

Sportline.az xəbər verir ki, bu fikirəri İsrailin "Aşdod" klubunun baş məşqçisi Ran Ben Şimon evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis komandasından çox şey gözlədiyini bildirib: "Hər iki oyunda yaxşı oynadıq. Kimlərsə özünə haqq qazandırmaq üçün futbolçuların Avropa təcrübəsinin olmadığını söyləyə bilər. Amma mən özümü o yerə qoymaq istəmirəm. "Qarabağ"la səfərdəki əla nəticədən sonra heç kim mənə heyətlə bağlı sual vermədi. Bizim əla oyunçularımız var. Oturub hansı mövqelərin gücləndirilməli olduğunu danışacağıq. Bunun üçün 1 aya yaxın vaxtımız var".