“Kəpəz” Portuqaliyadan 2 futbolçu gətirdi

İyunun 11-də Türkiyəyə yollanan “Kəpəz” dünəndən təlim-məşq toplanışına başlayıb. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Ərzurumda hazırlıq keçir.

“Sarı-göylər” səhər və axşam olmaqla gündə iki dəfə məşq edir. Toplanışın əsas hissəsi fiziki hazırlığın yüksəldilməsinə yönəlib. Ayın 21-nə kimi Ərzurumda qalacaq Gəncə klubu bu müddətdə iki yoxlama oyunu da keçirəcək.

“Kəpəz”in düşərgəsinə iki yeni futbolçu da qoşulub. Hər ikisi legioner olan oyunçular Portuqaliyadan gəliblər.

Tam adı Serjio Manuel Kosta Karneyro olan və qısaca olaraq Serjinyo kimi çağırılan portuqaliyalı futbolçu ampluaca mərkəz yarımmüdafiəçisidi. Son klubu ölkəsinin “Trofense” komandası olub. Əvvəllər “Beyra-Mar” və “Aruka” klublarında da çıxış etmiş 25 yaşlı orta sahə oyunçusu Portuqaliyanın 20 yaşlılardan ibarət yığma komandasının da şərəfini qoruyub.

Adı Renan da Silva Alves olan digər futbolçu isə braziliyalıdı. Bir il öncə Portuqaliyaya gələn 23 yaşlı Alves mərkəz müdafiəçisi mövqeyində çıxış edir. Onun Piriney ölkəsində klubu “Jil Visente” olub.