"Kəpəz"in stadionunda son vəziyyət
Gəncə şəhər stadionunun əsas meydançasının dəyişdirilməsi prosesi davam edir. SportLine.az-ın “Kəpəz”in rəsmi saytına istinadən məlumatına görə, mayın 11-dən başlanan işlər AFFA-nın vəsaiti hesabına İrlandiyanın SİS şirkəti tərəfindən aparılır.
Son tamamlama işlərindən - qumla torfun qarışdırılaraq əraziyə verilməsi və gübrə tökülməsindən sonra ot toxumlarının səpilməsinə başlanıb. Hollandiyadan gətirilən toxumların əkilməsi xüsusi texnikalarla bir gün ərzində həyata keçirilib.
Meydançaya səpini nəzərdə tutulan 2 çeşid ot toxumundan biri uğurla əkilib. Digər növün səpilməsi isə gələn aya planlaşdırılıb. Belə ki, ilk əkilən otlar 3-4 həftəyə çıxacaq, daha sonra isə 2 həftəyə boy verən otların sahəyə səpini olacaq. Birinci mərhələdə meydana 160 kq toxum verilib. Səpin işlərindən sonra mütəxəssislər tərəfindən ərazi ciddi nəzarətə götürülür, lazımi dərmanlar və gübrələr verilir.
SİS şirkətinin məsul nümayəndəsi Sinan Öztürk bütün işlərin qaydasında getdiyini və meydanın oktyabrda təhvil veriləcəyini söyləyib.