Komandamız Türkiyədə qələbə qazandı

Türkiyənin Kəmər şəhərində xüsusi qayğıya ehtiyacı olan insanlar arasında keçirilən stolüstü tennis üzrə turnirə start verilib.

Autizmlilərin İdman Klubunun mətbuat xidmətindən sportline.az saytına verilən xəbərə görə, turnirdə Azərbaycanı Autizmlilərin İdman Klubu (AİK) təmsil edir. 3 ölkədən 600-dən çox idmançının iştirak etdiyi stolüstü tennis üzrə turnirdə 12 və yuxarı yaş qrupundan olan idmançılar qatılıblar.

Turnirin ikinci günündə idmançılarımız 4 medal - 1 qızıl 2 gümüş 1 bürünc medal qazanıblar. Belə ki, yarışda 12 yaş qrupu üzrə iştirak edən Nicat Həmidov 1-ci, 15 yaş qrupu üzrə Rza Bayramov və 16 yaş qrupu üzrə Xaqan Əliyev 2-ci yer, 13 yaş qrupu üzrə Kamal Bayramov isə 3-cü yerin sahibi olub.

Qeyd edək ki, fevral ayının 22-də start verilən stolüstü tennis üzrə turnirə fevralın 24-də yekun vurulacaq.