"Lüksemburqda bizə çətin olacaq" - Ayxan Abbasov

“Çətin olacağını bilirdik. Yüz faiz hazır deyildik”. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, bu sözləri “Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov deyib.

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Differdanj”ı qəbul edən “Zirə” 2:0 hesablı qələbə qazanıb.

Matçdan sonra keçirilən mətbuat konfransında Abbasov qələbəni şərh edib: “Bəzi futbolçular bizə gec qoşulublar. Komanda bugünkü gündə 60 faiz hazır idi. Şükürlər olsun ki, birinci hissədə qol vurduq. Səbrli oynadıq. Cavab görüşü daha çətin olacaq. Rəqib öz meydanında bundan yaxşı oynayacaq. Bütün futbolçularıma təşəkkür edirəm, əzmkarlıq göstərdilər. İnanıram ki, komandam getdikcə daha yaxşı təsir bağışlayacaq”.

- Müdafiədə çatışmazlıqlar hiss olunurdu...

- İlk dəqiqələrdə müdafiəçilərimiz bir qədər həyəcanlı idilər. Öz meydanımızda oynadığından, futbolçuların üzərində təzyiq var idi. Mütləq qələbə qazanmalı idik. Amma fasilədən sonra rəqibdən üstün oynadıq. Vurduğumuz qoldan başqa da təhlükəli epizodlarımız oldu. Avrokubokda ilk matçımız idi. Keçən ilə baxanda müdafiədə Bum və Matey yeni oyunçular idi.

- Anar Nəzirov, Təmkin Xəlilzadə və Milan Duriçin çıxışından razı qaldınız?

- Ümumi komandadan razıyam. İlk hissədə Orxan Əliyev oyunun ab-havasına girə bilmədi. Təmkindən çox şey gözləyirdik. Amma hücuma qoşulmaq mənasında ondan istədiyimiz keyfiyyəti görmədik. Qapıçımız yaxşı oynadı. Milandan da razı qaldım. Futbolçularım bir-birlərinə tam uyğunlaşa bilməyiblər. Bu problemi aradan qaldırmaq üçün vaxt lazımdı. Oyundan-oyuna futbolçular bir-birlərini daha yaxşı başa düşəcəklər.

- Yeni transferlər barədə nə deyə bilərsiz?

- Belfort qol vurdu. Manqa bundan yaxşı oynayacaq. Rəşad Sadiqova ikinci hissədə şans verdim. O, meydana daxil olandan sonra top bizdə qaldı.

- Rəşad Sadiqova start heyətində yer verməməyiniz nə ilə bağlı idi?

- Bilirdik ki, bizə, xüsusilə, ikinci hissədə topla oynayan futbolçu lazım olacaq. Viktorun yerinə oyunun gedişində Sadiqova şans verməyi düşünürdüm. Amma Orxanın oyunu alınmadığından, bu dəyişikliyə əl atmalı oldum.

- Oyun ərzində bir neçə dəfə Viktor İqbekoyiyə irad tutdunuz...

- Bilirdik ki, rəqib qapıçı topu meydanın sağ tərəfinə vurur. İqbekoyi 1-2 dəfə həmin zonanı bağlamağa gecikdi. Buna görə də, ona etirazımı bildirdim.

- Bu qələbədən sonra “Astra” haqda düşünməyə başlamısız?

- Tələsməyə ehtiyac yoxdu. 2:0 hesablı qələbə heç nə demək deyil. Lüksemburqda bizə çətin olacaq. Əsas fikrimizi cavab matçına yönəltməliyik.