"Millətlər Liqası gözlədiyimizdən daha yaxşı nəticə verdi" - Çeferin

"UEFA Millətlər Liqası gözlədiyimizdən daha yaxşı nəticə verdi. Yoldaşlıq oyunları ilə müqayisədə stadionlara gələn azarkeş sayında çox böyük fərq var". SportLine.az xəbər verir ki, bu sözləri UEFA prezidenti Aleksandr Çeferin deyib.

Bosniya və Herseqovinada futbol federasiyasının yeni binasının açılış mərasimində çıxış edən ali futbol qurumunun rəhbəri Millətlər Liqası layihəsinin uğurlu alındığını dilə gətirib: "Hər kəs Millətlər Liqasının oyunlarına baxır. Oyunlar çox maraqlı nəticələrlə yadda qalır. Məsələn, Almaniya aşağı liqaya düşdü. Bəlkə də, çoxumuz üçün belə bir nəticə qeyri-adi görünür. Bu, möhtəşəm turnirdir və daha da yaxşı olacaq". 

Klub yarışları ilə bağlı da yeniliklərin olacağını deyən A.Çeferin, "Detallar barədə məlumat verə bilmərəm. Amma klub yarışları ilə bağlı yenilikləri 2024-cü ildən tətbiq etməyi düşünürük. Məqsədimiz, daha çox klubun avrokuboklarda iştirakını və gəlir əldə etməsini təmin etməkdir", - deyib.

VAR sisteminin UEFA yarışlarında tətbiqi məsələsindən də danışan A.Çeferin qurumun, ən geci, növbəti mövsümdən VAR sistemini tətbiq edəcəyini dilə gətirib: "Hazırda bu sistemin təkmilləşdirilməsi üzərində çalışırıq. Çatışmazlıqlar var. Bu çatışmazlıqları aradan qaldırandan sonra UEFA-nın bayrağı altında keçirilən yarışlar da VAR tətbiq olunacaq".

Avropanın nəhəng klublarının "Super Liqa" adlı yeni bir turnir yaratmaq niyyəti ilə bağlı yayılan xəbərlərə də münasibət bildirən UEFA rəhbəri, "Mən burada olduğum müddətcə belə bir yarış olmayacaq", - söyləyib.