Milliyə Ukrayna ilə oyun üçün ayrılan mükafat bilindi

DÇ-2026-ın seçmə mərhələsində Azərbaycan millisinin futbolçularına Ukrayna ilə oyunda (1:1) qazanılan nəticəyə görə veriləcək mükafatın məbləği məlum olub.

Sportline.az azerisport.com-a istinadla xəbər verir ki, əvvəldən belə müəyyən edilmişdi ki, rəsmi oyunda qələbə qazandıqda start heyətində meydana çıxan futbolçuların hər biri 10 min manat mükafat alacaq. Əvəzlənərək meydana çıxanlar bu məbləğin 75 faizini, iştirak ərizəsinə daxil edilən, lakin oyuna çıxmayan digərləri isə 50 faizini alacaqdılar. Heç-heçə halında da eyni prinsip qüvvədədir, lakin bu zaman başlanğıc məbləğ 5000 manat olur.

Amma AFFA rəhbərliyi oyunların əhəmiyyətindən asılı olaraq bu başlanğıc məbləği dəyişə bilər. Məlumata görə, Ukrayna ilə heç-heçəyə görə start heyətində oynayan futbolçuların hər biri minimum 10 min manat alacaq.