Mühüm qərarlar Bakıda veriləcək

2020-2021 mövsümündə Avropa Liqası, qadınlar arasında Çempionlar Liqası və UEFA Super Kubokunun final oyunlarına ev sahibliyi edəcək ölkələrin adları UEFA İcraiyyə Komitəsinin mayın 29-da Bakıda keçiriləcək iclasında açıqlanacaq.

Sportline.az xəbər verir ki, bu barədə qitə futbol qurumun rəsmi saytı məlumat yayıb. Həlledici matçlara ev sahibliyi etmək üçün 7 milli assosiasiya UEFA-ya müraciət ünvanlayıb.

Gürcüstan (Boris Payçadze adına "Dinamo" stadionu, Tbilisi) və İspaniya (Ramon Sançes Pisxuan stadionu, Sevilya) Avroliqanın, Belarus ("Dinamo" stadionu, Minsk), Finlandiya (Olimpiya stadionu, Helsinki), Şimali İrlandiya ("Uindsor Park Milli Futbol Stadionu", Belfast) və Ukrayna, ("Metalist" stadionu, Xarkov) UEFA Superkubonun, İsveç ("Qamla Ullevi" stadionu, Qotenburq) isə Qadınlar arasında Çempionlar Liqasının final oyununu qəbul etmək üçün quruma lazımı sənədləri təqdim edib.

Kişilər arasında 2021-ci il Çempionlar Liqasının final oyununun məkanı isə Bakıda açıqlanmayacaq. Qitənin ən nüfuzlu klub turnirinin 2021, 2022 və 2023-cü il finallarına ev sahibliyi etmək istəyən ölkələrin adları UEFA-nın sentyabrda keçiriləcək iclasında müəyyənləşəcək. 

Qeyd edək ki, 2021-ci il finalına Almaniyanın Münhen şəhərindəki "Alyans Arena" və Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadion namizəddir.