Novak Cokoviçdən uğurlu start
Londonun yaşıl kortlarında "Böyük dəbilqə" seriyalı "Uimbldon" turnirinin ilk dövrəsinin oyunları keçirilməkdədir.
Turnirin favoritlərindən olan Novak Cokoviç ilk dövrədə fransalı Aleksandr Müllerlə münasibətləri aydınlaşdırıb.
İlk setdə 6:1 hesablı qələbə qazanan serbiyalı tennisçi, ikinci setdə rəqibin ciddi müqaviməti ilə üzləşib.
Taybrekədək uzanan hissə fransalı idmançının üstünlüyü ilə başa çatıb - 9:7.
Amma Müllerin artığına gücü çatmayıb. Yenidən təşəbbüsə yiyələnən Novak Cokoviç sonrakı setlərdə 6:2, 6:2 hesablı qələbələrlə məsələyə aydınlıq gətirib.
O, ikinci dövrədə britaniyalı Daniel Evansla qarşılaşacaq.