Premyer Liqada ilk het-trikinə imza atıb
"Qarabağ"ın futbolçusu Toral Bayramov Premyer Liqada ilk het-trikinə imza atıb.
Sportline.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu bunu Azərbaycan Premyer Liqasının V turunda "Araz-Naxçıvan"la səfər oyununda üç qola imza atmaqla reallaşdırıb.
Bu həm də cari mövsümün ilk het-triki olub. Toral 1992-ci ildən keçirilən turnirin tarixində bir oyunda 3 qol vuran 108-ci futbolçu ünvanına sahib çıxıb. Əvvəlki 33 mövsümdə 107 oyunçu 3 qollu matç keçirib.
Onun ikinci qolu Premyer Liqada 20-ci topu olub. Ölkə çempionatında 129-cu matçını keçirən Toral ümumilikdə 21 dəfə rəqib qapılarına yol tapıb.
İki dəfə penaltidən fərqlənən yarımmüdafiəçi Premyer Liqada 11 metrlik nöqtədən vurduğu zərbələrin ümumi sayını 10-a çatdırıb. O, bu imkanlardan 9-da dəqiq olub.
Qeyd edək ki, "Qarabağ" "Araz-Naxçıvan"a 5:0 hesabı ilə qalib gəlib.