PSJ “Arsenal”dan üstün oldu

Fransanın PSJ komandası İngiltərə təmsilçisi “Arsenal”ı məğlub edərək Çempionlar Liqasının ikinci finalçısı olub.

Sportline.az xəbər verir ki, cavab qarşılaşması Parisdəki “Park de Prens” stadionunda baş tutub.

Oyun qonaqların kəsərli hücumları ilə başlasa da, hesabı “qırmızı-mavilər” açıb. 27-ci dəqiqədə ispaniyalı Fabian Ruis qapıçı David Rayanı məyus edib.

69-cu dəqiqədə “topçular”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin olunsa da, Vitinya qeyri-dəqiq olub. Buna baxmayaraq, cəmi üç dəqiqə sonra Əşrəf Hakimi Dembelenin dəqiq ötürməsindən sonra fərqi artırıb.

London təmsilçisinin gücü cəmi bir qola çatıb. 76-cı dəqiqədə Bukayo Saka parislilərin qapısına yol tapıb – 1:2.

Beləliklə, iki oyunun nəticəsinə əsasən, PSJ “Arsenal” üzərində 3:1 hesablı qələbə qazanaraq finala vəsiqə əldə edib.

Turnirin mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək həlledici qarşılaşmasında PSJ "İnter"lə münasibətlərinə aydınlıq gətirəcək.