"Qarabağ" sabiq futbolçusunu meydandan qovan hakimlə üz-üzə
"Qarabağ" - "Fiorentina" matçının hakimi İvan Bebek futbolsevərlərimizə tanış referidir. SportLine.az xəbər verir ki, bu, 39 yaşlı Bebekin Azərbaycan komandalarının iştirakı ilə keçirilən ilk görüşü olmayacaq. 2003-cü ildən FİFA referisi adını daşıyan referi 3 dəfə təmsilçilərimizin oyununu idarə edib. O, 1 il öncə Avropa Liqasının “Qəbələ” - “Borussiya” matçında fit çalıb. Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda Bebek hər komandaya 2 sarı vərəqə verib.
İlk dəfə 2005-ci ildə də ölkəmizə gələn xorvatiyalı Çempionlar Liqasının “Neftçi” – “Hafnarfyordur” (İslandiya) görüşündə ədaləti təmsil edib. 11 il əvvəlki qarşılaşmada komandamız 2:0 hesabı ilə qalib gəlib. Referi bu oyunda meydan sahiblərinə 1, qonaqlara 2 sarı vərəqə verib.
İvan Bebeklə bağlı ən yadda qalan məqam isə, seçmə komandamızın qarşılaşmasına aiddir. Xatırlayırsınızsa, AVRO-2008-in seçmə mərhələsinin Bakıda təşkil olunan Azərbaycan – Portuqaliya matçında da Bebek baş hakim funksiyasının yerinə yetirib. O, 0-2 hesabı ilə uduzduğumuz oyunda millimizin kapitanı Aslan Kərimova, 27-ci dəqiqədə Kriştianu Ronaldonu dirsəyi ilə vurduğu üçün birbaşa qırmızı vərəqə göstərmişdi.