“Hər oyunda qalib gələcək qədər güclü deyilik” - Azər Məmmədov

Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Kəpəz" "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib.

Sportline.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Məmmədov matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablayıb:

"Biz hər oyunda qalib gələcək qədər güclü deyilik. Amma hər oyunda qələbə qazanmağı qarşımıza məqsəd qoyuruq. Ümid edirəm ki, azarkeşlərimiz güclü “Kəpəz” görəcəklər. Məşqçinin kimliyindən asılı olmayaraq, güclü komanda formalaşdırmaq üçün vaxt lazımdır. Yalnız bu halda güclü və iddialı “Kəpəz”i geri qaytara bilərik.

Bu gün yaxşı komandaya qarşı oynadıq. “Qəbələ”ni düzgün təhlil etmişdik və rəqibin əsas futbolçularını zərərsizləşdirdik. Yaxşı oyun nümayiş etdirdik. Hətta məğlub olsaydıq belə, komandamın çıxışından razı qalacaqdım. Əlimizdə olan maliyyə imkanları ilə qənaətbəxş komanda toplamışıq".

- Sanki komanda oyunu yox idi. Daha güclü klublara qarşı necə oynayacaqsınız? Nə qədər vaxtdan sonra daha güclü “Kəpəz” görəcəyik?

- Mən sizdən bir az fərqli düşünürəm. Bu dəqiqə futbolda maliyyə önəmlidir. Etiraf edək ki, maliyyə yaxşı olanda daha bahalı futbolçu gətirirsən. Bizim müəyyən məbləğimiz var və bu məbləğə uyğun çox yaxşı komanda yığmışıq. O komandanın gücünə uyğun da futbol oynayırıq. “Şamaxı” ilə bir nömrə oynamaq istəyirdik. Ancaq komandamız hazırda bir nömrə oynamağa hazır deyil. Bizə zaman lazımdır. Çempionat yeni başlayıb. Azərbaycanda heç kimə söz verə bilmərəm ki, sabah necə olacaq.

- Bir məğlubiyyətdən sonra futbolçular eyforiyaya qapıldılar və daha sonra acı məğlubiyyət aldınız. İndi yenə qalib gəldiniz. Növbəti rəqibiniz “Sumqayıt”dır. Qorxu var ki, yenə eyni şey olar?

- Etiraf edim ki, bəli, var. Amma yaşadığımız hər gün bizim üçün təcrübədir. Həmin oyundan sonra analiz etdim ki, bəlkə burada belə etməməli idik. Bu qələbədən sonra daha da təcrübəli olmuşam. Ona görə də eyforiyaya heç kim qapılmayacaq.

- Dioqo Verdaşkanın sıradan çıxması planlarınızı nə qədər alt-üst edib?

- Verdaşka altı həftəlik sıradan çıxıb. Arxa əzələsində yırtılma əmələ gəlib. David son oyununu altı ay əvvəl oynayıb, oyun praktikası yox idi. Amma bu gün çox yaxşı oynadı və heç bilinmirdi ki, oyun praktikası var, ya yox.