"Qarabağ"dan həmin əsgərə dəvət
2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı sosial mediada gündəm olan hərbçilərimizdən biri də Murad Hüseynov idi.
Müharibənin ilk günlərində Türkiyənin "A Haber"ə müsahibə verən M.Hüseynov demişdi ki, ən böyük arzusu işğal altındakı torpaqlarımızın azad olunması və Xankəndidə “Qarabağ”la “Qalatasaray” arasında görüşün keçirilməsidir.
Vətən Müharibəsinin iştirakçısı olan Murad Hüseynovun arzuları gerçəkləşməkdədir. Azərbaycan müharibədə Zəfər qazandı. Əminik ki, tezliklə üçrəgli bayrağımız Xankəndi şəhərində də dalğalanacaq.
M.Hüseynovun sevimli komandası “Qalatasaray” isə tezliklə “Qarabağ”la oyun üçün ölkəmizə səfər edəcək. Martın 26-da Bakı Olimpiya Stadionunda hər iki komanda arasında xeyriyyə matçı keçiriləcək. Oyundan əldə edilən gəlir Türkiyədə zəlzələdən zərər çəkənlərə ayrılacaq.
Qeyd edək ki, bu gün M.Hüseynov “Qarabağ” klubunun bazasına dəvət olunub. Klub nümayəndələri onunla görüşüb, qarşıdakı görüşü canlı izləmək üçün oyuna dəvət edib. M.Hüseynov klubu ziyarət zamanı futbolçu Qara Qarayevlə görüşüb. Görüşdən şəkli Feysbukda iş adamı Emin Tarverdiyev paylaşıb.