"Qarabağ"ın oyunu üçün Bakıda 3 min yerlik zona yaradılıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş" - "Qarabağ" matçını Bakıda açıq havada və böyük ekranda izləmək mümkün olacaq.

Sportline.az xəbər verir ki, bunun üçün "See Breeze" kurort şəhərciyində təxminən 3 min yerlik xüsusi zona yaradılıb. Bu, "See Breeze" və "Qarabağ" Futbol Klubunun ortaq layihəsi çərçivəsində baş tutub. Artıq oyuna hazırlıqla bağlı işlər yekunlaşmaq üzrədir. 

"Qarabağ" klubundan QOL.az-a bildirilib ki, oyunu izləmək üçün giriş pulsuzdur.

Bundan başqa, oyuna "See Breeze"də baxmaq məqsədilə azarkeşlərə xüsusi ödənişsiz avtobuslar da ayrılıb:

"Koroğlu" metrosu - "See Breeze"
Gediş: 19:45 - 21:30

"See Breeze" - "Koroğlu" metrosu
Qayıdış: 00:45 - 02:30

Xatırladaq ki, "Ferensvaroş" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.