"Qəbələ" fransalı futbolçunu heyətinə cəlb etdi
2017/18 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Aqil Məmmədov, Elvin Məmmədov, İlqar Qurbanov və ispaniyalı Xavyer Ernandes Qonzaleslə müqavilə imzalayan “qırmızı-qaralar” daha bir legionerlə anlaşıb.
Fransalı Stiven Jozef-Monroz yeni mövsümdən təmsilçimizin şərəfini qoruyacaq. 27 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Sağ cinah vingeri kimi çıxış edən Jozef-Monroz “Bondi”, “Lievin” və “Lans” klublarının yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edib.
2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu 2011-ci ilədək “Lans”ın formasını geyinib. 2010-cu ildə “Şatoru”ya icarəyə verilən yarımmüdafiəçi Belçikada da legioner həyatı yaşayıb. O, “Kortriyk” (2011-2012) və “Genk”in (2012-2015) uğurları üçün çalışıb. Cinah oyunçusu 2012/13 mövsümündə Belçika kubokunun qalibi adını qazanıb, 2011/12 mövsümündə isə finalçısı olub.
Qeyd edək ki, Jozef-Monroz 2015-2017-ci ildə Fransada “Brest”də çıxış edib. Yarımmüdafiəçi 2007-2012-ci illərdə ölkəsinin milli komandalarına cəlb olunub. Stiven Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarının şərəfini qoruyub.