Qurban Qurbanov: "Fərqli oyuna üstünlük vermişdik"

"Son ev oyunumuzda məğlub olmaq istəməzdik. Təəssüf, alınmadı..." SportLine.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Tottenhem"lə görüşdən sonra deyib. 

"Fərqli oyuna üstünlük verdik. Komandanın hər bir üzvünə tapşırıqlarımı yerinə yetirdikləri üçün təşəkkürümü bildirirəm", - deyən mütəxəssis, "Rəqib yüksək səviyyəli futbolçulara sahibdir. Onlarla sonadək mübarizə apardıqları üçün futbolçularıma "sağ ol" demək istəyirəm", - deyə bildirib.

Azarkeşlərə də minnətdarlığını bildirən Qurbanov: "Bütün görüşlərimizdə bizi dəstəklədikləri üçün təşəkkür edirəm", - deyə qeyd edib.

"Ötən ilə bənzər vəziyyət yaranıb. Sizcə, onda çətin idi, ya indi?"

"Püşkdən sonra bizi çətin oyunların gözlədiyinin fərqində idik. Belə rəqiblərlə mübarizədə lazımi təcrübəni toplamaq üçün illər tələb olunur. Futbolçular əllərindən gələni etdilər. Amma təqvimin sıxlığını da nəzərə almaq lazımdır. Sondək çatdırmaq çox çətindir".

"Növbəti mərhələyə yüksəlmək imkanı varmı?"

"Var desəm, yalan olar. Yoxdur desəm, yenə yalan olar. Vəziyyətə real yanaşmalıyıq. Çox çətindir..."

""Qarabağ"dan çox şey gözləyirik?"

"Çox şey gözləyirsiniz və bu, məni bir tərəfdən şad edir. Bəzən zəif olsan da, xarakter hesabına güclüyə qalib gələ bilirsən. Uğur gözləməklə, düz edirsiz. Başqa cür inkişaf olmaz".

"Nəticə oyuna görə oldu?"

"Bəli. Rəqib çox güclü idi və oyunumuzu buna görə qurmuşduq. 3-4 qol imkanımız olsa da, yararlana bilmədik".