Qurban Qurbanov: "Hər iki oyuna görə qələbəyə layiq idik"

"Öncə futbolçularımı təbrik etmək istəyirəm. Gördüyünüz kimi, oyun gərgin keçdi. Hava şəraiti çox istidir. İndi belə, nəfəs almaq çətindir". Komandamızdakı xeyli problemlərə baxmayaraq, istədiyimiz nəticəni qazandıq".

Sportline.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsraildə "Aşdod" klubuna 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının cavab oyunundan sonra deyib.

49 yaşlı mütəxəssis oyunun gedişində hazır olmadıqları çətinliklərlə üzləşdiklərini bildirib: "Yenə də futbolçular qalib gəlmək üçün sonadək vuruşdular, əllərindən gələnin artığını etdilər. Həddindən artıq həyəcan var idi. Son vaxtlar zədəlilərin çoxluğu kollektivə təsir edir. Qələbəni kənara qoysaq, futbolçuların xarakteri mənim üçün çox vacib idi. Bəzi gənc oyunçularımız belə oyunları nə qədər tez hiss etsələr, onların inkişafı daha da sürətlənəcək. Düşünürəm ki, hər iki oyuna görə komandamız qələbəyə layiq idi".

Qurbanov komandasında qol imkanlarından yararlanma sarıdan problemlərin olduğunu etiraf edib: "Əlbəttə, belə epizodlardan yararlanmaq lazımdır. Xüsusən, bu cür qarşılaşmalarda. Lakin elə epizodlar da oldu ki, sanki qol idi, sadəcə, top qapı xəttindən keçmədi. Amma ümumən, yeni kollektiv formalaşır. Dəfələrlə bildirmişəm ki, hücum xəttinə bir neçə oyunçu götürmək istəyirəm. Bunlar belə oyunlarda və hava şəraitində gərəklidir. Özünüz də gördünüz ki, rəqib meydana 3 oyunçunu birdən buraxdı. Onlar hücum xəttini daha da sürətləndirdi, daha da dəyişikliyə səbəb oldu. Belə qarşılaşmalarda bir neçə əlavə futbolçuya ehtiyac var idi. İstifadə edilməmiş epizodlar bəzən gərginliklə əlaqədar olur. Deməzdim ki, futbolçularımızın ustalıqları yoxdur. Çünki qol epizodlarına girən hücumçular bundan da çətin vəziyyətlərdən fərlqənməyi bacarıblar. İstənilən halda, bəzən gərginlik və həyəcan, saniyələr belə təsir edirdi".

Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində AEL (Kipr) / “Vlajnia” (Albaniya) cütünün qalibi olacaq. Ağdam klubu ilk oyununu səfərdə keçirəcək.