Ramil Şeydayev: "Bu barədə Ayazın özü qərar verəcək"

Azərbaycan millisinin və Rusiyanın "Dinamo" (Moskva) komandasının futbolçusu Ramil Şeydayevin AVRO-2020-nin seçmə oyunu ilə əlaqədar Slovakiyaya səfər öncəsi "Report"a müsahibəsi

- Avro-2020-nin seçmə mərhələsində 7 oyundan sonra milli komandanın aktivində cəmi 1 xal var. Yəqin razılaşarsınız ki, seçmə mərhələ yığma üçün uğursuz alındı...

- Razıyam ki, bu tsikl bizim üçün uğursuz alınıb. Növbəti seçmə mərhələdə vəziyyəti dəyişməli, oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Bütün komanda ilə birgə çalışmalıyıq ki, gələcəkdə daha yaxşı nəticələr göstərə bilək.

- Slovakiya ilə oyunda nəyə ümid etmək olar? 

- Yalnız qələbəyə. Səfərə yalnız qələbə üçün yollanırıq.

- Bu, nə dərəcədə realdır? 

- Komandada hər kəs bütün gücünü meydanda qoyacaq. Əlimizdən gələni edəcəyik ki, səfərdə 3 xal qazana bilək.

- Yəni, səfərdə Slovakiyaya qalib gələ biləcəyimizə inanırınızmı? 

- Təbii ki, inanırıq. Bunun necə alınacağını isə birlikdə görəcəyik.

- Slovakiyaya uduzsanız, seçmə mərhələni cəmi 1 xalla başa vuracaqsınız. Komanda buna layiqdir? 

- Bəzi oyunlarda daha yaxşı çıxış edə bilərdik. Elə qarşılaşmalar da oldu ki, həqiqətən bəxtimiz gətirmədi. Bəxt bir qədər tərəfimizdə olsaydı, 1 yox, daha çox xal qazana bilərdik.

- Uğur qazanmaq üçün millidə nə çatışmır: Problem nədədir? 

- Mən komandadakı çatışmazlıqlar barədə danışa bilmərəm. Bu, yaxşı çıxmaz. Verdiyiniz sualı futbolçu yox, baş məşqçi cavablandırmalıdır.

- Hər halda, siz də bu komandanın bir üzvüsünüz... 

- Üzvüyəm, bəli. Amma dediyim kimi, bu haqda danışmağım düzgün çıxmaz.

- Razısınız ki, bu gün Azərbaycan millisinin uğur qazanması üçün 1 yox, 11 Şeydayevə ehtiyacı var? 

- Nə mənada?

- O mənada ki, hamı sizin kimi ürəkdən oynasa, meydanda can qoysa, vuruşsa, nəticələr daha yaxşı olar. 

- Komandada kim ürəkdən oynamır ki?

- Hər halda, ən azından Macarıstan və Slovakiya ilə ev oyunlarında hamı ürəkdən oynasaydı, 1:3 və 1:5 hesablı məğlubiyyətlər olmazdı... 

- Millidə ürəkdən oynamayan varsa, elələri dərhal komandadan uzaqlaşdırılmalıdırlar. Dediyiniz 2 oyunda da komandada hamı vuruşurdu. Razıyam ki, səhvlərimiz olmuşdu və Slovakiya kimi komanda səhvləri bağışlamır.

- Uelslə ev oyunundan sonra baş məşqçi Nikola Yurçeviç bildirdi ki, millidəki fəaliyyətini davam etdirmək istəyir və düşünür ki, bu heyətlə gələcəkdə uğur qazanmaq mümkündür... 

- Komandamızın heyətində yaxşı futbolçular var və məncə də gələcəkdə nəticələrimizi daha da yaxşılaşdıra bilərik.

- Baş məşqçi dəyişikliyindən sonra “Dinamo”da vəziyyət necədir? Son görüşdə az da olsa, oynamaq imkanı qazandınız. 

- “Dinamo” barədə danışmaq istəmirəm.

- Qış fasiləsinə az qaldığı üçün danışmaq istəmirsiniz, yoxsa düşünürsünüz ki, deyəcəkləriniz klubdakı işlərinizə mənfi təsir edə bilər? 

- Xeyr. Sadəcə hazırda millinin düşərgəsindəyəm və yığma barədə danışmaq daha düzgündür.

- Rusiyanın U-21 millisinin və “Zenit”in üzvü idiniz. Geridə qalan 3-4 ildə karyeranız xeyli dəyişiklik oldu. Bəlkə də Rusiyada qalsaydınız, hər şey fərqli olardı. Azərbaycan yığmasını seçdiyiniz üçün peşman deyilsiniz? 

- Qətiyyən peşman deyiləm. Əvvəllər də bu barədə demişəm. Azərbaycan yığmasını seçməklə düzgün qərar verdiymi düşünürəm və narazı deyiləm.

- “Dinamo”da start heyətinə düşməməyinizdə Rusiya deyil, Azərbaycan pasportuna malik olmanızın hər hansı rolu var? 

- Xeyr. “Dinamo”da bir neçə oyunda start heyətində yer almışdım. Həmin vaxt qolları sıralasaydım, heç kim deməyəcəkdi ki, Şeydayev Azərbaycan millisində oynayır. Rusiyada xeyli legioner çıxış edir. Əsas olan yaxşı oynamaqdı, hansı ölkənin vətəndaşı olmağın önəmli deyil. 

- "Spartak"da çıxış edən Ayaz Quliyevlə bu yaxınlarda görüşmüsünüz. Gələcəkdə onu da Azərbaycan yığmasında görə biləcəyik? 

- Bu barədə Ayazın özü qərar verəcək. Mən ona Azərbaycan yığması barədə danışıram. Amma deyə bilmərəm ki, gəl, burada oyna. Çünki hər kəsin öz ağlı, düşüncəsi var.

- Millidəki vəziyyət, şəraitlə maraqlanırmı? 

- Bəli, bu barədə söhbətlərimiz olur. Yığmanın vəziyyəti ilə maraqlanır, soruşur. O da azərbaycanlıdır, mənim kimi. Azərbaycan onun da vətənidir.

- Bəs sizcə, niyə seçim etməkdə gecikir? Bəlkə Aleksandr Səmədov kimi Rusiya yığmasına düşəcəyinə, gələcəkdə dünya və Avropa çempiontında çıxış edəcəyinə görə hələ də ümidini itirmir, ona görə də qərar verməkdə tələsmir... 

- Konkret qərar verməməsinin səbəbini bilmirəm. Hər halda bu barədə özü də düşünür.