Rəşad Sadıqov: “Kubokda və Premyer Liqada həlledici mərhələyə daxil oluruq"
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçları çərçivəsində "Zirə" və "Sumqayıt" klubları üz-üzə gəlib. "Zirə" rəqibini 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Sportline.az xəbər verir ki, "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov matçdan sonra oyun barədə fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis ilk növbədə kubok oyunlarının gətirdiyi psixoloji yükə və futbolçularının nümayiş etdirdiyi peşəkarlığa toxunub:
"Çox vacib oyuna çıxmışdıq. Kubokun cavab matçları xüsusilə gərgin və stressli keçir, çünki burada sonradan səhvi düzəltməyə vaxt olmur. Üzərimizdə böyük gərginlik var idi, lakin futbolçularım yüksək peşəkarlıq göstərdilər. Onlara buna görə təşəkkür edirəm. İndidən sonra həm kubokda, həm də Premyer Liqada həlledici mərhələyə daxil oluruq. Əvvəlkindən daha çox çalışmalıyıq".
R.Sadıqov "Sumqayıt"la qısa müddətdə keçirilən ardıcıl oyunları və rəqibin gücünü belə şərh edib:
"Rəqiblə qısa müddətdə üç oyun oynadıq və hamısı demək olar ki, eyni məcrada keçdi. Onlar hücum fazasında olduqca güclüdürlər. Bu gün bizim üçün ən önəmli məqam rəqibə qol şansı vermədən qalib gəlmək idi. Onlara gələcək oyunlarda uğurlar arzulayıram".
Yarımfinaldakı potensial rəqib və komandadakı rotasiya imkanlarına gəlincə, baş məşqçi bunları qeyd edib:
"Yarımfinalda "Turan Tovuz"un gücü hər kəsə bəllidir və mən də onları rəqib olmağa daha yaxın görürəm. Lakin hələ cavab matçları var, ondan sonra geniş fikir bildirə bilərik. İndi "Kəpəz"lə çempionat oyununu düşünəcəyik.
Heyət məsələsinə gəldikdə, şükürlər olsun ki, ilk dəfə idi tam heyətlə hazırlaşmışdıq. Rotasiya üçün yetərincə resursumuz var. Önümüzdəki vacib periodda mütləq şəkildə hər kəsə oynamaq şansı verəcəyik. Komanda buna hazırdır".