Azad Rəhimov: 'Olimpiada elə yarışdır ki, burada həmişə sürprizlər olur'
Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb. SportLine.az nazirin müsahibəsini diqqətinizə çatdırır:
- Rio Olimpiadasına hazırlıq necə gedir?
- Düşünürük ki, bu Olimpiadaya 60-dan çox idmançı ilə qatılacağıq. Sevindirici haldır ki, həmişə olduğu kimi, bu dəfə də yeni idman növlərində təmsil olunacağıq. Velosiped idmanı, triatlon və s. növləri buna misal göstərə bilərik. Bu da ölkəmizdə yeni idman növlərinin inkişafından xəbər verir.
- Beynəlxalq Ağır Atletika Federasiyası iki lisenziyamızı ləğv edib. Bu say arta bilər?
- Say konkretdir. Olimpiadaya 4 lisenziya qazanmışıq. Beynəlxalq Olimpiya Komitəsinin bəzi idmançılarımızla bağlı qərarı ilə razı deyilik. Bunu da vəkil yolu ilə həll etməyə çalışırıq. Yekun qərar məktubunu gözləyirik.
- Qeyd etdiyiniz kimi, Olimpiadada yeni idman növlərində təmsil olunacağıq. Bəs, hansı növlərdə, yaxşı mənada, sürpriz gözləyirsiniz?
- Kanoe-sprint növündə uğurlu nəticəyə ümid edirəm. Bu, elə bir idman növüdür ki, bəzən, bəxt də mühüm rol oynayır. Həmçinin, triatlonçumuz Rostislav Pevstovu qeyd etmək istərdim. Bu idmançı, Bakı-2015 Avropa Oyunlarında heç kimin gözləmədiyi anda bürünc medal qazandı. Ümumiyyətlə, olimpiada elə yarışdır ki, burada həmişə sürprizlər olur.
- Federasiyalar həkimləri xaricdən dəvət edir. Buna səbəb nədir?
- Bizdə heç vaxt idman tibb təhsili olmayıb. Buna görə də kadrlarımız yetişməyib. Ancaq, bu, həll olunası məsələdir. Akademiyamızda idman tibb təhsilinin verilməsi ilə bağlı işlər görürük. Eləcə də, mütəxəssislərimiz xaricdə bu sahədə treninqlərdə iştirak edə bilərlər.