Roberto Martines: “Ronaldonu əvəzləmək qərarım komandanın xeyrinə idi”
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Kriştiano Ronaldonu oyundan əvəzləməsi ilə bağlı yaranan müzakirələrə münasibət bildirib.
Sportline.az “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bu qərarın komandanın ümumi maraqları nəzərə alınaraq verildiyini deyib.
“Belə bir qərardan sonra tənqidlərin olacağını başa düşürəm. Xüsusilə də qol axtardığımız anda Ronaldonu əvəz edəndə insanlar bunu həmişə sorğulayacaqlar. Amma baş məşqçi kimi mən komandanın ümumi balansını və matçın gedişatını nəzərə almağa borcluyam. Oyun son dərəcə gərgin keçirdi, həm fiziki, həm də taktiki baxımdan futbolçular çox yorulmuşdu. Hücum edirdik, amma eyni zamanda arxada böyük boşluqlar verirdik. Qələbə qazanmağa çalışarkən matçı tamamilə uduzmaq riskini də göz önünə almalı idim. Həmin anda fərqli təsir gücünə malik futbolçuya ehtiyac duyduğumu hiss etdim. Komandaya təzə enerji gətirəcək, daha çevik hərəkət edəcək, boşluqlara hücum edəcək və dərhal pressinq tətbiq edə biləcək oyunçu lazım idi. Buna görə də Qonsalu Ramoşu seçdim. Mənim fikrimcə, həmin vəziyyətdə komanda üçün ən doğru seçim o idi. Bu qərarın Kriştiano Ronaldoya hörmətsizliklə heç bir əlaqəsi yoxdur. O, liderimizdir, komandamız üçün çox vacib fiqurdur və həmişə də belə olacaq. Amma mənim əsas məsuliyyətim komandaya qarşıdır və həmin anda bizə qələbə üçün ən yaxşı şansı verəcəyinə inandığım qərarı qəbul etməli idim. Bəzən belə qərarlar çətin olur, amma mən verdiyim qərarın arxasındayam”, – deyə Martines bildirib.