Rüfət Dadaşovun yeni klubu rəsmiləşdi

Millimizin hücumçusu Rüfət Dadaşov Almaniyanın "Proyssen" komandasını tərk edərək ABŞ çempionatına yollanır.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. O, karyerasını ikinci liqa təmsilçisi "Feniks Rizinq"də davam etdirəcək. Futbolçunun xahişinə əsasən, "Proyssen" rəhbərliyi keçidin detallarını açıqlamayacaq.

Münster təmsilçisinin direktoru Malte Metselder klubun rəsmi saytına açıqlamasında Rüfətdən gileyini gizlətməyib. O, 28 yaşlı futbolçunun artıq "Proysen"də oynamaq istəmədiyini bildirib:

"Bizə bu vəziyyətdə qeyd-şərtsiz komandaya xidmət edən və klubun hədəflərinə yüz faiz sadiq qalan futbolçular lazımdır. Təəssüf ki, Rüfət artıq bu komandanın bir hissəsi olmaq istəmir və şəxsi maraqlarını komanda yoldaşlarından ön plana çıxarır".

Xatırladaq ki, Dadaşov 2018-ci ilin yayından üçüncü Bundesliqa təmsilçisi "Proyssen"ə transfer olmuşdu. O, ötən mövsüm 32 oyuna 8, bu mövsüm isə 20 oyuna 6 qol vurub.