Seçmə komandamız Türkiyəyə yollanıb

Yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət seçmə komandamız Türkiyədə keçiriləcək “Pro-Tur” yarışında mübarizə aparacaq. Sportline.az xəbər verir ki, Antalyada təşkil olunan turnirdə 10 idmançımız bacarığını göstərəcək.

Martın 19-dan 22-dək qızlar etimadı doğrultmağa çalışacaqlar. Baş məşqçi Fərhad İsmayılov bu yarışda Ləman Abdulhəmidova, Zemfira Mikayilova, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət heyətə güvənəcək. 

Oğlanlardan ibarət komanda isə Antalya sınaqlarına martın 22-də qatılacaq. Ramil Cəfərovla Elnur Hidayətzadənin rəhbərliyi ilə Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadə mükafatlar uğrunda mübarizə aparacaq. 
Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov turnirin oyunlarını idarə edəcəklər.