Sərbəst güləşçilərimizdən 3 qızıl, 1 gümüş və 3 bürünc medal

Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, turnirdə 49 ölkədən dünyanın 500-ə yaxın ən güclü pəhləvanları mübarizə aparır.

İlk yarış günündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74, 86, 97 və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. 

Baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi altında məşqçilər korpusunun daha çox gənc güləşçilərə şans verdiyi yarışı yığmamız 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. Qızıl medalları yığmamıza Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənov (74 kq) qazandırıb. Yalnız final görüşündə uduzan Gitinomaqomed Hacıyev (70 kq) gümüş medalla kifayətlənib. Bürünc medallar isə Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbek Alborovun (97 kq) payına düşüb.