Taleh Məmmədov: "İlk görüşdə həmişə bir az çətinlik çəkirəm"
“Mən ilk görüşdə həmişə bir az çətinlik çəkirəm. Rahat güləşə bilmirəm. Çəki salmaq, bədənin açılışması məni bir az çətinə salır”.
Bu sözləri Sportline.az saytına açıqlamasında İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turnirində qızıl medal qazanan Taleh Məmmədov deyib. O, dünya və Avropa çempionu ilə revanşından da söz açıb.
“İlk görüşdəki rəqib moldovalı dünya və Avropa çempionu Viktor Çiobanu idi. Onu əvvəllər bir dəfə udsam da, bu dəfə istədiyim kimi güləşə bilmədim. Məğlub oldum. Sonrakı görüşlərimdə Amerika idmançısının ardından o biri qrupun birincisi rumıniyalı güləşçiyə qalib gəldim. Finalda yenə moldovalı idmançı ilə üz-üzə gəldim və bu dəfə 4:2 hesabı ilə qalib gəldim”.