Tarix təkrarlana bilər

Bu dəfə də, ötən mövsümdə olduğu kimi, UEFA Avropa Liqasında iki klubla təmsil oluna bilərik. Yenə ümidlər “Qarabağ” və “Qəbələ”yədir.

Tarixin təkrarlanması üçün “Qarabağ” İsveç “Göteborq”unu, “Qəbələ” isə Sloveniya “Maribor”unu mübarizədən kənarlaşdırmalıdır.

İsveç çempionatı daha erkən başladığından “Göteborq”un “Maribor”a nisbətən daha hazırlıqlı olduğunu deyə bilərik. Daha bir maraqlı məqam: həm “Maribor”, həm də “Göteborq” hazırda öz ölkəsinin liqasında 4-cüdür.

5-ci cəhddə tilsimi qırmışıq

Klublarımız Avrokuboklar tarixində Sloveniya təmsilçiləri ilə 5 dəfə qarşılaşıb və 5-ci cəhddə “Neftçi” iki oyunun nəticəsinə görə “Koper”i mübarizədən kənarlaşdırıb. Ümumilikdə isə statistik göstəricilər balkanlıların xeyrinədir:

“Neftçi” 1-0 HİT Qoritsa / HİT qoritsa 3-1 “Neftçi”
(2000/2001 mövsümü-UK I mərhələ)

“Olimpiya” 4-0 “Şəfa” (Bakı) / “Şəfa” (Bakı) 0-3 “Olimpiya” 
(2001/2002 mövsümü-UK I mərhələ)

“Neftçi” 0-0 HİT Qoritsa / HİT Qoritsa 1-0 “Neftçi”
(2001/2002 mövsümü-UK I mərhələ)

“Bakı” 0-0 “Mura” / “Mura” 2-0 “Bakı”
(2012/2013 mövsümü-AL I mərhələ)

“Neftçi” 1-2 “Koper” / “Koper” 0-2 “Neftçi”
(2014/2015 mövsümü-AL II mərhələ)

“Qəbələ” doğma meydanda yaxşı oynayır
 
Göründüyü kimi, Sloveniya klublarına qarşı statistikamız ürəkaçan deyil. “Qəbələ bu vəziyyəti bir qədər yaxşılaşdıra bilər. Nəzərə almalıyıq ki, “Maribor” da sıradan bir rəqib deyil. Ən azından, “Maribor”un bu mərhələyədək mübarizədən kənarlaşdırdığı klublar hər şeydən xəbər verir. “Qəbələ” “Lill”lə oyunda sübut etdi ki, keçilməyəcək rəqib yoxdur. “Maribor”la ilk oyunun doğma meydanda olması “Qəbələ”nin işinə yaraya bilər. Qriqorçukun komandası ilk oyunlarda sərfəli nəticələr əldə etməyi bacarır. Bu, baş versə, “radarlar”ın qrup mərhələsini sloveniyalılara güzəştə gedəcəyi inandırıcı görünmür. Həm ilk oyunda, həm də cavab matçında futbolçular şahmat fiqurlarının funksiyasını yerinə yetirməlidir. Bircə qalır, Qriqorçukun sloveniyalıları mat etməyi... Statistikanı bir kənaraq qoysaq, “Qəbələ”nin favorit olduğunu deyə bilərik.

“Qarabağ” İsveçə yad deyil

“Qarabağ”ın rəqibi “Göteborq”un heyyəti tam oturuşmuş vəziyyətdədir. Bunun da əsas səbəbi, artıq İsveç çempionatının 18-ci turunun olmasıdır. Sloveniya klublarından fərqli olaraq, İsveç klubları ilə oyunlarda statistik göstəricilərimiz qaydasındadır. Skandinavlarla avroliqa yarışlarında iki dəfə qarşılaşmışıq. Nəticələr isə belədir:

“Qarabağ” 1-0 “Gelfe” / “Gelfe” 0-2 “Qarabağ”
(2013/2014 mövsümü-AL III mərhələ)

“Elfsborq” 0-1 “İnter” (Bakı) / “İnter” (Bakı) 0-1 “Elfsborq” (Pen:3-4)
(2014/2015 mövsümü-AL II mərhələ)

Artıq bir dəfə İsveç klubunu (“Gelfe”ni) mübarizədən kənarlaşdıran “Qarabağ”ı İsveçdə yaxşı tanıyırlar. Nəzərə almaq lazımdır ki, “Göteborq” “Gefle” deyil. “Qarabağ”ın səfərdəki oyunda əsas məqsədi qapısından top buraxmıyıb, rəqib qapıya yol tapmaq olmalıdır. Bunun üçün də Qurban Qurbanov Riçard Almeyda başda olmaqla, orta xətti nəzarətdə saxlamalıdır və əsasən əks-hücum taktikasından istifadə etməlidir. Səfərdə sərfəli nəticə əldə olunsa, doğma azərkeşlər önündə rəqibi məğlub etmək daha asan olar. “Göteborq”lu futbolçulara problem yarada biləcək məqamlardan biri də Bakının isti havası ola bilər. “Köhlən atlar” isti havada futbol oynamağı öyrəniblər. Hava şəraiti isti olsa, inanmıram ki, skandinaviyalılar axıra kimi Bakının istisinə tab gətirsinlər. Bütün bunları göz önünə gətirib, əminliklə demək olar ki, cütün favoriti “Qarabağ”dır.

Həmid Məcidov