Yunanıstanlı baş məşqçi: "Azərbaycan təhlükəli rəqibdir"
"Bir həftədir ki, hazırlıqlara başlamışıq. Daha bir həftə toplanışa davam edəcəyik. İndiyədək işlər çox yaxşı gedir. Oyunçularımızın əhval-ruhiyyəsi yerindədir".
Sportline.az xəbər verir ki, bunu Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan kişi voleybolçulardan ibarət Yunanıstan yığmasının baş məşqçisi Dimitris Andreopoulos "Olaprasina1908" nəşrinə müsahibəsində deyib.
57 yaşlı mütəxəsis F qrupunda hansısa komandadan qorxmadıqlarını bildirib. "Bununla yanaşı, bütün rəqiblərə hörmət edirik. Yığma komandanın oyunları həmişə çətin keçir. Qrupda Gürcüstan kimi zəif, Azərbaycan kimi təhlükəli rəqib var. Monteneqro isə çox yaxşı komandadır və demək olar ki, bizimlə bərabər səviyyədədir".
Qeyd edək ki, F qrupunda seçmə mərhələ oyunları 7 - 9 mayda Gürcüstanda, 14 - 16 mayda isə Monteneqroda gerçəkləşəcək. Azərbaycan yığması Yunanıstanla mayın 9-da və 15-də üz-üzə gələcək.