Zaur Svanadzenin qələbə şərhi

“Nə demək olar? Çox çətin keçdi”. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında Lüksemburq təmsilçisi “Fola”nı qəbul edən paytaxt klubu son dəqiqələrdə vurduğu yeganə qol sayəsində meydanı qalib tərk edib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında gürcüstanlı mütəxəssis komandasının çıxışını dəyərləndirib: “Komanda pis çıxış etmədi. Çox çətin oyun keçdi. Bunu da gözləyirdik. Ehtiyat heyətimizin zəngin olmaması da bizə əlavə problem yaradır. Bir az da yorğun görünürdük. Eyni futbolçular uzun müddətdi oynayırlar. Rəqib əks-hücumda çox təhlükəli komandadı. “Fola” müdafiədə daha çox “oturdu”. Cinahlardan və standart vəziyyətdən təhlükəli ola bilirlər. Yaxşı ki, qələbə qazana bildik. Təbii ki, səfərdə rəqib hücuma atılacaq. Biz də əks-hücumdan fərqlənməyə çalışacağıq. İki günlük istirahətdən sonra cavab görüşünə hazırlaşacağıq”.

- Pərdis-Fərcad Azad meydanda olduğu müddətdə heç nə ilə yadda qalmadı. Onu gec əvəzləməyiniz nə ilə bağlı idi?

- Pərdis yaxşı keyfiyyətlərə malik oyunçudu. Görünür, yorğun idi. Düşünürdük ki, ikinci hissədə vəziyyəti düzəldər. Serblərlə matçda yaxşı çıxış etmişdi. Bu gün yorğun görünürdü.

- “Fola”dan nə gözləyirdiniz, nə gördünüz?

- Yeni heç nə göstərmədilər. Onlar bizim gözlədiyimiz kimi oynadılar.