Millimiz dünya reytinqində irəlilədi

Beynəlxalq Voleybol Federasiyası (FİVB) XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının yekununa əsasən yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, siyahı Azərbaycan yığmaları üçün uğurlu alınıb.

Belə ki, Faiq Qarayevin rəhbərlik etdiyi qadınlardan ibarət millimiz mövqeyini qoruyub. Olimpiada arzusunda olub, bunu reallaşdıra bilməyən voleybolçularımız yenə 24-cü pilləyə şərikdi. Onlar Çexiya, Keniya, Meksika və Tunislə eyni göstəriciyə malikdi – 33 xal. Bu komandalar 24-28-ci yerləri bölüşürlər.

Siyahıya isə Olimpiya oyunlarının qalibi Çin başçılıq edir. 328 xala malik asiyalılar Rionun bürünc medalçısı olan ABŞ-ı 23 xal qabaqlayırlar. İlk “3-lüyü” isə Rioda finalda uduzan Serbiya qapayır – 262 xal.

Kişilərdən ibarət Azərbaycan yığmasına gəlincə, beynəlxalq arenaya həsrət qalan komandamız 1 pillə irəliləyib. Bu, rəqiblərin geriləməsi səbəbindən rəsmiləşib. Hazırda hesabında 6 xalı olan yığmamız Mərakeş, Mauritius, Avstriya, İsrail, Latviya, Lüksemburq, Moldova, Norveç, Şotlandiya, Burkino-Faso, Burundi, Çad, Lesoto, Mozambik, Namibiya, Uqanda, Zimbabve, Anguilla adaları, Antiqua və Barbuda, Virciniya adaları, Qrenada və Sent Kittslə 94-117-ci yerləri bölüşür.

Bu siyahıya da Rio Olimpiadasının qızıl medalçısı Braziliya (315) başçılıq edir. Polşa (268) ikinci yerdə mövqeyini qoruduğu halda, Oyunları 3-cü pillədə başa vuran ABŞ 3 pillə irəliləməklə, ona şərik olub. Finalda Braziliyaya uduzan İtaliya (256) isə son siyahıdakı kimi yenə dördüncüdü.