Arzuman Abdulkərimov: “Ən ağır günlərimdə də, Vətən sevgisindən ilhamlanmışam, dövlətimə inamdan güc almışam”
Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, “Avey” İdman Klubunun rəhbəri, “Hilal” mükafatının təsisçisi Arzuman Abdulkərimovun Sportline.az saytına müsahibəsi.
Sizi uğurlu iş adamı, fəal idman funksioneri, vətənpərvər insan, layiqli vətəndaş kimi tanıyırlar. Necə oldu ki, bu yolu seçdiniz? Bunu uşaqlıq arzusunun gerçəkləşməsi kimi qiymətləndirmək olar, yoxsa, həyatın axarı kimi?
Uşaqlıq arzusu deməzdim...Bizim uşaqlığımız sovetlər dövrünə təsadüf edib. Orta məktəbi bitirdikdən sonra, ali məktəbə qəbul olundum. Həmin dövr, müstəqillik uğrunda hərəkatın qızğın çağlarını yaşadığımız təlatümlü illərə təsadüf edirdi. Artıq sovetlər birliyi çökürdü, respublikalar müstəqillik tələbi irəli sürürdü. Fikrimcə, 15 respublika arasında ən layqli müstəqillik mübarizəsi Azərbaycanda gedib. Ağrı - acılarımzı çox oldu, şəhidlər verdik. Azərbaycan vətəndaşı, xüsusi ilə Azərbaycan gəncliyi həmin dövrdə çox əziyyət çəkib. 20 yanvar faciəsini yaşamışıq. Yəni, biz belə bir çətin dövrdə formalaşmışıq. Artıq biz gənclərdə özünü tanıma prosesi başladı. Mən də, özümü bir vətənpərvər, millətini, xalqını sevən biri kimi tapdım və bu keyfiyyətlər illərlə formalaşdı, təkmilləşdi.
Ermənistanın ölkəmizə təcavüzünə təbii ki, bir vətənpərvər kimi biganə qala bilməzdim. 1992-ci ildə tələbə ikən, minlərlə vətənpərvər kimi mən də, könüllü olaraq Vətənin müdafiəsiə qalxdım. Mübaliğəli çıxmasın, belə deyək, mənim döyüş yolum Qazaxdan başlayıb. Bizim kimi hərbi cəhətdən təcrübəsiz gənclər üçün çətin vaxtlar idi. Sonradan türkiyəli qardaşlarımzın təlimləri sayəsində hərbi biliklərimizi artırdıq, düşmənə layiqli cavab verməyə çalışdıq.
1994-cü ildə hərbidən təxris olundum. Yarımçıq qalan ali təhsili başa vurub müstəqil həyata atıldım. Bir müddət Rusiyada biznes fəaliyyəti ilə məşğul oldum. Ardınca işlərimizi genişləndirməyə başladıq. 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların inkişafı ilə bağlı sərəncamına uyğun fəaliyyət göstəririk. Sualınızın cavabı kimi deyə bilərəm ki bugünkü Arzuman Abdulkərimov uşaqlıq arzusunu reallaşdırmayıb. Həyatın axarı bura gətirib çıxarıb. Qazilərimizin , şəhid ailələrinin , layiqli tələbələrin, istedadlı gənclərin yanında olmaq, onlara dəstək vermək daim arzum olub. Şükür olsun ki, bu istəyi reallaşdırmaq imkanımız var. Bu, həm iş adamı, həm də bir vətəndaş kimi borcumuzdur.
Söhbətinizdən də məlum olduğu kimi Arzuman Abdulkərimovun keçdiyi həyat yolu hamar olmayıb. Yetərincə çətinliklər yaşamısınız. Bu çətinlikləri arxada qoymaqda, problemlərin həllində daha çox nədən güc, ilham almısınız?
Əvvəla özünəinamdan. Bununla yanaşı, iş adamı olaraq, daim dövlətimin qayğısını üzərimdə hiss etmişəm. Həmçinin, həyatda mənə dəstəyini əsirgəməyən yaxşı dostlarım var. Onlarla fəxr edirəm. Çətinlikləri onlarla birlikdə adlamışıq. Bəxtim gətirib ki, ətrafımda yaxşı insanların sayı daha çox olub. Təbii ki, ən ağır günlərimizdə də Vətən sevgisindən ilhamlanmışam, dövlətimə inamdan güc almışam.
İdman sahəsində uzun illərə söykənən təcrübəniz var. İdmanda təsadüfi adam deyilsiziniz. Aşixara Karate Federasiyasının prezidenti kimi səmərəli fəaliyyətinizin şahidi olmuşuq. Sizin rəhbərliyiniz altında həmin federasiyanın idmançıları kifayət qədər uğurlu nəticələr qazanıblar. Hazırda həm “Avey” İdman Klubunun rəhbəri kimi böyük bir bölgədə idmanın canlanmasına töhfə verirsiniz, həm də respublikanın ən uğurlu idman qurumlarından sayılan Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti kimi məsul vəzifə daşıyırsınız. Maraqlıdır, sizdə idmana maraq haradan qaynaqlanır?
Doğulduğum Qazax rayonunda güləş məktəbi adla tanınır. İdmana marağı olan əksər yeniyetmələr kimi yerli güləş məktəbində bu idman növünün sirrlərinə həvəskar səviyyədə yiyələnmişəm. Sonradan tələbəlik illərində karate ilə maraqlanmağa başladım. Hazırda da idmana vaxt ayırmağa çalışıram. Təəssüf ki, bu vaxt kəsimi mənim istəyimlə uzlaşmır. Buna görə özümü tənqid etsəm də, idmanla məşğul olmağa yetərincə vaxt ayıra bilmirəm. Aşixara Karate federasiyasının prezidenti olduğum dönəmdə idmançılarımız yüksək nəticələrə imza atdılar. Dünya, Avropa çempionatlarında dəfələrlə bayrağımızı yüksəldib, himnimizi səsləndirdik. Bu gün də həmin federasiyanın rəhbəri, hörmətli dostumuz Maarif müəllimlə xoş münasibətlərimiz var. Onlara fəaliyyətlərində uğurlar arzulayıram.
“Avey” klubu qərb bölgəsində yüksək xəttlə inkişaf edən klublardandır. Məqsədimiz bölgədə idmanın inkişafına dəstək verib, istedadlı idmançıları üzə çıxarıb, onları Azərbaycan idmanına bəxş etməkdir. Daim Qazaxda keçirilən idman tədbirlərinin önündə olmuşuq. İnanıram ki, klubun yetirmələri Avey dağının adına layiq zirvələri fəth edəcəklər. Bir sıra idman tədbirləri həyata keçirmişik. Ulu öndər Heydər Əliyevin xatirə turnirləri xüsusi ilə böyük marağa səbəb olub.
Azərbaycan Kikboksinq Federasiyasına qurumun prezidenti hörmətli Adil Əliyevin dəvəti ilə getdim. Belə bir böyük etimada görə ona dərin münnətdarlığımı bildirirəm. Federasiyamızı Azərbaycanın ən öncül idman federasiyası sayıram. Vətənpərvər, dövlətinə sədaqəti ilə seçilən bir idman təşkilatıdır. Rəhbərindən tutmuş, ən sıravi idmançısına qədər hər birimiz daim Vətən uğrunda canımızdan keçməyə hazırıq.
Kikboksinq federasiyası uğurlu fəaliyyəti ilə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməkdədir. Uzun illərdir ki, Azərbaycan idmanına yüksək nailiyyətlər bəxş edir. Geridə qalan 2016-cı il sizin üçün daha çox nə ilə yadda qalacaq?
2016-cı il bizim üçün uğurlu alındı. İdmançılarımız qatıldıqları böyük beynəlxalq yarışlarda etimadı layiqincə doğrultdular. Qazanılan yüksək nəticələr dövlət tərəfindən də layiqincə qiymətləndirildi. Federasiya rəhbəri Adiı Əliyev də, cənab prezidentin fəxri fərman ilə təltif olundu. Bu bizi daha da sevindirir və gələcək uğurlara ruhlandırır. 2017-ci ili kikboks ili elan eləmişik. Fevral ayından yüksək səviyyəli tədbirlərimiz, yarışlarımız başlanır. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi turniri isə, bu il Türkiyədə keçirməyi planlaşdırırıq. Həmçinin, aprel şəhidlərinin xatirəsinə hərs olunan beynəlxalq turniri Qazaxda təşkil edəcəyik.
Federasiyalar idman qurumları olduğu qədər də, içtimai təşkilatlar sayılır. Kikboksinq federasiyası digər qurumlardan həm də, bu cəhətdən öndədir. Mütəmadi olaraq hərbçilərlə görüşür, onlara mənəvi dəstək veririk. Gənclərlə görüşlərimizdə onların pis vərdişlərdən uzaqlaşdırılması istiqamətində təbliğat işləri aparırıq. Hörmətli Adil müəllimin bununla bağlı “Həyat dərsi” adlı layihəsi var. Təhsil ocaqlarında apardığı mütəmadi mühazirələrdə onu Qarabağ qaziləri, şəhid ailələrinin üzləri müşaiyət edir. Bu cür tədbirlərdə gənclərin milli ruhda böyüməsi, onların dövlətə, dövlətçiliyə, Ali Baş Komandana sədaqətli olmaları istiqamətində təbliğat aparırıq. Yenə də deyirəm, biz dövlətçiliyə sadiq bir federasiyayıq. Ölkənin prezidentini, onun apardığı siyasəti dəstəkləyirik. Bizim devizimiz var: “Hər bir kikboksçu bir əsgərdir”. Hər an Ali Baş Komandanın əmrinə hazırıq. Bilirsiniz, federasiyanın inkişafı onun prezidentinin şəxsiyyətindən , xarakterindən asılıdır. Bu sarıdan da kikboksçular özlərini xoşbəxt sayırlar ki, federasiyasının prezidenti Adil Əliyevi hamı millət vəkili missiyasını layiqincə yerinə yetirən, daim seçicilərin yanında olan deputat kimi, fəal ictimai-siyasi xadim kimi tanıyır.
Hər bir uğurlu insanın öz “uğur resepti” var. Siz öz “uğur resepti”nizi bölüşmək istəyərdiniz, yoxsa sirrdir?
Sirr deyil. Uğurun bünövrəsində səmimiyyət dayanır. Təkəbbürdən uzaq olmalısan. Həyat prinsiləri düzgünlüyə söykənməlidir. İnsanı uğura aparan yol bundan keçir. Özünütənqidi çox sevirəm. Dostlarımdan həmişə məni tənqid etmələrini xahiş eləmişəm. Tənqidə açıq insanam. Ən əsası isə, həmin tənqidlərdən nəticə çıxarmaqdır.
İş adamı, idman funksioneri, qayğıkeş ailə bağşısı və s. Bunları bir araya gətirmək, öhdəsindən layiqincə gəlmək çətin deyil ki?
Özümü xoşbəxt, bəlkə də, hamıdan varlı insan sayıram. Ona görə ki, sağlam ailəm, gözəl övladlarım, dərin hörmət bəslədiyim valideynlərim, çox güvəndiyim qardaşım və bacım var. Həyat təbii ki, fanidir və insan yaşadığı zaman kəsimində özünün, ailəsinin, doğmalarının həm fiziki, həm də, mənəvi cəhətdən sağlam yaşamasını arzulayır. Şükürlər olsun ki, bu sarıdan özümü xoşbəxt saya bilərəm. Bir valideyn kimi, arzum cəmiyyətə həm fiziki, həm də mənəvi cəhətdən sağlam övladlar, layiqli vətəndaşlar bəxş etməkdir. Bu vəzifənin öhdəsindən gəlmək üçün əlimdən gələni əsirgəmirəm.
Yəqin ki, ali məktəblərə yüksək göstəricilərlə qəbul olunan tələbələr üçün təsis etdiyiniz “Hilal” mükafatının övladlarınıza da qismət olmasını arzulayırsınız...
İnşallah! Hilal qızımın adıdır. Daha dəqiq desəm, qızım Hilal nənəmin adını yaşadır. Nənəm çox nurlu insan olub. Qızım dünyaya gələndə də ona məhs xatirəsinə dərin hörmət bəslədiyim nənəmin adını verməyi özümə borc bildim. Təsadüfi deyi ki, bu adla da şirkət qurmuşam. “Hilal” mükafatına gəldikdə isə, belə bir istəyim çoxdan var idi. 2014-cü ildə Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban Əliyevanın təhsilə diqqət və qayğı ilə bağlı iş adamlarına etdiyi çağırış bu istəyi reallaşdırmağa stimul verdi. O vaxtdan, ali məktəblərə yüksək balla daxil olan tələbələrə “Hilal” mükafatı təqdim olunur. Gələcəkdə bu mükafatın daha geniş vüsət alması üçün planlarımız var. Həm maddi, həm mənəvi cəhətdən daha çox tələbənin bu qayğı ilə əhatə olunmasına nail olacağıq.
Hiss olunur ki, gələcəyə inam hissiniz çox güclüdür. Heç, həyatda özünəimnam hissini itirdiyiniz anlar olub? Olubsa, həmin anlarda ən çox nədən güc almısınız?
Bizim gəncliyimiz bir siyasi formasiyadan digərinə keçidə təsadüf etdi. Həmin dövrün əksər gəncləri kimi çox çətinliklərlə üzləşmişəm. İşsizlikdən əziyyət çəkdiyimiz, kirayədə yaşadığımız günləri heç vaxt unutmuram. Amma, ən çətin anlarda da öz prinsiplərimə sadiq qalmışam. Dövlətçilik ideyası ilə yaşayan insan olmuşam. Vətənə sevgi, dövlət rəmzlərinə tükənməz rəğbət tapındığım ideyanın aparıcı qüvvələri olub. Millətimin millətlər içində olan imzasından ruh almışam. Ən çətin anlarda da fəxr eləmişəm ki, mən Azərbaycan vətəndaşıyam. Qanımız bahasına qazandığımız müstəqillik, dünyanı ağuşuna alan siyasi böhran fonunda ölkədəki sabitlik isə, bizim milli sərvətimizdir. Buna görə, biz öz dövlətimizə, onu parlaq gələcəyə aparan liderinə - cənab İlham Əliyevə minnətdar olmalıyıq.
Dünyanı bürüryən iqtisadi böhran Azərbaycan da yan ötmədi. Müəyyən problemlər güclü iqtisadi dayaqlara malik digər dövlətlər kimi bizə də təsirini göstərməkdədir. Azərbaycanın gələcəyini necə görürsünüz?
Bayaq da qeyd etdiyim kimi, Azərbaycanın gələcəyini çox parlaq görürəm. Bunu eyni zamanda bir iqtisadçı kimi əminliklə söyləyə bilərəm. 2017-ci ildən sonra biz yeni-yeni iqtisadi uğurlara imza atacağıq. Dövlətin qarşıya qoyduğu prioritet məsələlər buna kifayət qədər inam yaradır. Xüsusi ilə, iş adamları üçün yaradılan şərait, güzəştlər iqtisadiyyatımızın uğurlu gələcəyinin təminatıdır. Dövlər qeyri-neft sahəsinin inkişafı ilə bağlı çox ciddi islahatlar həyata keçirir. Artıq qeri-neft sektorunda xeyli irəliləyiş hiss olunur ki, bunu statistik göstəricilər də təsdiqləyir.
İqtisadçı kimi mülahizələrinizdən hiss olunur ki, ixtisasınız üzrə təhsilinizə ciddi yanaşmısınız. Amma, mütaliənizin yalnız ixtisas profili ilə məhdudlaşmaması da hiss olunur. Bilirik ki, tarixi əsərlərə daha meyllisiniz. Maraqlıdır, hansı tarixi şəxsiyyətlərə daha çox rəğbət bəsləyirsiniz?
Tarizxi şəxsiyyət olaraq Sultan Məhmət Fatihə böyük rəğbətim var. O, Türk dünyası üçün edə biləcəyi nə vardısa etmişdi. Əmir Teymurun xarakterindəki çalarlar da diqqətimi çəkib. O da, rəğbət bəslədiyim tarixi şəxsiyyətlər sərasındadır. Çingiz Aytmatov, Oljes Süleymenov, bizim Hüseyn Cavid, hörmətli Anar müəllim türk dünyası ədəbiyyatının əvəzolunmaz simalarıdır. Təbii ki, bir qazaxlı kimi Səməd Vurğun həmişə idealımız olub. Onun müasir Azərbaycan ədəbiyyatına gətirdiyi dilin, intonasiyanın vurğunuyam. Fikrimcə, onu yalnız Səməd Vurğun gətirə bilərdi.
Son vaxtlar oxuduğunuz və daha çox yadda qalan əsər hansı olub?
Məşhur amerikalı yazıçı Deyl Karneginin “Dostları necə qazanmalı və insanlara təsir etməli” əsərini fərqləndirərdim. O, uğura necə çatdığını qələmə alan biridir. Ucqar bir kənddən, fermer ailəsindən çıxıb zirvəyə yüksəlib. Deyir ki: “insanları yaxşı əməllərə görə tərifləyin. Yetər ki, bu tərif yaltaqlığa çevrilməsin” Doğrudan da, sağlam, şəxsi məqsədləri güdməyən tərif insanı daha da yaxşı əməllərə, xeyirxah addımlara qanadlandırır. Karneginin bu fəlsəfəsi, həyat prinsipi məni çox cəlb edir. Arzu edərdim ki, yaşadığımız cəmiyyət bu cür sağlam prinsiplərə söykənsin.