235 gündən sonra məğlub oldu
XIV turun oyunları ilə futzal üzrə Yüksək Liqada 2018-2019-cu il mövsümünün II dövrəsinə yekun vurulub. SportLine.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, turla bağlı maraqlı məqamlardan biri “Araz”ın 235 gündən sonra məğlub olması və zirvəni əldən verməsidir.
Ölkə çempionu sonuncu dəfə ötən mövsümün XXVI turunda məğlubiyyət acısı yaşayıb. Belə ki, aprelin 28-də keçirilmiş oyunda “Marafon Futsal” çempionluğu təmin etmiş “Araz”ı 6:4 hesabı ilə üstələyib.
Ötən mövsümün son iki duelini qələbə ilə başa vurmuş Alesionun yetirmələri cari çempionatda dünənə qədər cəmi 3 oyunda xal itirmişdi. Mövsümə “Yasamal” FK ilə 4:4 hesablı heç-heçə ilə start verən “Araz” növbəti xal itkisi ilə VII turda barışmalı olub. EKOL-la duel 2:2 hesabı ilə başa çatıb.
IX turun “Xəzər Cənub” – “Araz” qarşılaşması isə daha məhsuldar heç-heçə ilə başa çatıb – 4:4. Dünənki oyunda isə EKOL 3:2hesabı ilə qələbə qazanıb. Ümumiyyətlə, bu, “Araz”ın son illərdə ən zəif göstəricisidir. Komanda qış fasiləsinə qədər 9 xal itirib.