AFFA Hakimlər Komitəsinin sədri XIV turda yaşanan mübahisəli epizodları şərh edib
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının XIV turunun oyunlarında qeydə alınan mübahisəli epizodları şərh edib.
Sportline.az xəbər verir ki, o, “Kəpəz” – “Araz-Naxçıvan” görüşündə oyundankənar vəziyyət səbəbindən ləğv edilən qolların sayılmamasını doğru qərar hesab edib.
"8 və 75-ci dəqiqələrdə iki qol ləğv edildi. Hər iki qərar düzgün idi və VAR tərəfindən təsdiqləndi", - deyə o bildirib.
Təcrübəli mütəxəssis “Səbail” – “Qarabağ” matçının sonlarında verilməyən penalti epizodu barədə danışıb:
"90+3-cü dəqiqədə hakim penalti verməmək qərarına gəldi. Çünki “Səbail”in futbolçusu Azad Əsgərovun “Qarabağ”ın oyunçusu Yassin Benzia ilə mümkün təması çox zəif idi və hücumçu asanlıqla yıxıldı. VAR bu vəziyyəti yoxladı və hakimin qərarını təsdiqlədi".
Komitə sədri “Neftçi” – “Zirə” qarşılaşmasında ev sahiblərinin sayılan qolu barədə fikir bildirib:
"68-ci dəqiqədə “Neftçi”nin heyətində Emil Səfərovun qolu təsdiq edildi, çünki hücum zamanı top meydanı tərk etməmişdi. VAR bu vəziyyəti yoxladı və qol olaraq dəyərləndirdi".
Frank De Blekere son olaraq “Sumqayıt” – “Şamaxı” oyunundakı penalti epizodu ilə bağlı danışıb:
"74-cü dəqiqədə künc zərbəsindən sonra cərimə meydançasında əllə oyuna görə VAR müdaxilə etdi. Top “Şamaxı”nın futbolçusu İlkin Muradovun əlinə dəydi. Onun əli qeyri-təbii vəziyyətdə, çiyin üzərində və bədəndən aralı idi. VAR müdaxiləsi və hakimin penalti vermək qərarı doğrudur".