AFFA-nın Premyer Liqaya gətirəcəyi klublar bəlli oldu
AFFA-nın Lisenziya Komissiyası növbəti mövsümdə Premyer Liqada iştirak etməsi üçün "Xəzər Lənkəran"a lisenziya vermədi. SportLine.az Sport7.az saytına istinadən xəbər verir ki, səbəb kimi cənubluların lisenziya sənədlərinin qaydasında olmadığı göstərilir.
"Ağ-yaşıllılar"a məsələni həll etməsi üçün 14 gün vaxt verilsə də, bu müddət ərzində problemin çözülməsi çətin məsələdi. Komandanın 1 milyon dollara yaxın borcu olması da problemin kökündə dayanır. Yəni, möcüzə baş verməsə, cənublular növbəti mövsümdə divizionda çıxış edəcək.
Eyni sözlər problemlər içində boğulan "Rəvan"a da aiddi. Demək olar ki, komandanın sahibi Nuru Əliyev "sarı-qırmızılar"dan əlini üzüb. Elə futbolçulara olan borca görə komandanın 6 xalının silinməsi də bunun əyani sübutudu. Əliyevin vecinə olsaydı, borc vaxtında ödənər, FİFA da sanksiya tətbiq etməzdi. Baxmayaraq ki, "aslanlar" 35-ci turda "Qarabağ"ı məğlub etməklə elitada qalmaq üçün əla şans əldə etdi. Buna baxmayaraq, lisenziya ala bilməyən bakılılar mövsüm başa çatan kimi Premyer Liqanı tərk edənlər arasnda olacaq. Əslində, rəhbərlik heç cari mövsümdə də "Rəvan"ın elitada çıxışını istəmirdi. Sadəcə, məcburiyyətdən irəli gələn AFFA-nın xahişi bu qərarı son anda dəyişdirə bilmişdi.
2 komandanın Premer Liqanı tərk etməsindən sonra ardıcıl ikinci dəfə divizionda çempion olan "Neftçala"nın elitaya gələcəyi gözlənilidi. Ancaq, Kamal Quliyevin yad planetdən olan komandasının rəhbərliyi yenə lisenziya düyününü çözə bilmir. Buna görə də indidən son iki ilin qızıl mükafatçısının elitaya həsrətlə baxacağı reallığı ilə barışmaq lazımdı.
Bizdə olan məlumata görə, yeni mövsümdə də çempionat 10 komandalı sistemlə keçiriləcək. Diviziondan iki komanda - "Turan Tovuz" və "Zaqatala" Premyer Liqaya gətiriləcək. Əldə etdiyimiz bilgiyə görə, artıq bununla bağlı AFFA-da işlər də gedir. Maraqlıdı ki, klubların ən böyük maddi dəstəkçisi AFFA olacaq. Yəni, bölgə futbolunun inkişafı naminə "Kəpəz"ə verilən paydan Tovuz və Zaqatala təmsilçisi də öz nəsibini alacaq.