Aftandil Hacıyev: "Hamımız çox ümidlənmişdik"

"Nazirlər Kabineti koronavirusla mübarizəni daha yaxından izləyir. Virusun statistikasını, yoluxmanı və azalmanı daha yaxşı bilirlər. Yəqin belə məsləhət görüblər".

Sportline.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycanda karantin rejiminin uzadılmasına münasibət bildirərkən deyib. 

39 yaşlı mütəxəssis qəbul olunan qərarlara hörmətlə yanaşmağın gərəkliyini vurğulayıb. Hacıyev hazırda sağlamlığın ön planda olduğunu söyləyib: "Çempionatın mayın 23-də yox, ondan sonra bərpası və ya başlamayacağı barədə nə isə fikir bildirmək çətindir. Çünki hazırda Peşəkar Futbol Liqası və AFFFA-nın qərarını gözləyirik. Futbolçular və məşqçilər, hamımız çox ümidlənmişdik. Karantin rejiminin bitəcəyinə və bir yerə yığışacağımıza ümid edirdik. Hamımız veriləcək növbəti qərarı gözləyirik".

Baş məşqçi bildirib ki, oyunçuların uzun müddət evdə qalması onların psixologiyasına da təsirsiz ötüşməyəcək: "Sonuncu onlayn məşqimizdə futbolçuların necə həvəsdən düşdüyünü sezmək çətin deyildi. Çox ümidlənmişdilər, amma hələ də ümid edirik. Çünki karantin rejiminin növbəti dəfə yüngülləşməsi də gündəmdədir. Hazırda bu ümidlə gözləyirik, görək nə baş verəcək". 

Hacıyev "mövsüm ləğv olunsa, hazırkı pillələr üzrə avrokuboklara vəsiqə ədalətli nəticə olarmı" sualına belə cavab verib: "Hazırda sağlamlıq önəmlidir. Davam etmək mümkün deyilsə, mövcud duruma görə vəziyyətlə barışacağıq. Premyer Liqada mübarizə davam edirdi. Çempionatın bu şəkildə yox, idman prinsipləri əsasında yekunlaşması yaxşı olardı. Ancaq yenə də deyirəm, önəmli olan hazırda ölkəmizin koronavirusla mübarizəsidir". 

Gənc mütəxəssis yerli futbolçular kimi legionerlərlə daim əlaqədə olduğunu sözlərinə əlavə edib: "Onlar da Bakıda evdədirlər, onlayn görüşlərimiz olur. Ailələrindən uzaqdadırlar, bizimlə müqayisədə onlar üçün bir qədər çətindir. Ən azı, ailələrinin yanlarında olmaları yaxşı olardı. Onların da edəcəkləri bir şey yoxdur, gözləmə mövqeyindədirlər. Çalışırıq ki, ruhdan düşməsinlər".

Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın

4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.

Eyni zamanda bütün milli federasiyalar ölkədəki vəziyyət əlverişli olmadığı halda ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL (Avropa Peşəkar Futbol Liqaları) və UEFA-ya məlumat verməlidirlər. Azərbaycanda karantin müddəti mayın 31-dək uzadılıb.